Ekoloq: Ölkəmizin bu ərazilərində yay isti keçəcək

İyun ayı ölkəmizin qlobal iqlim dəyişmələrinin təsirinə daha çox məruz qaldığı periodlardan biridir. Bu təsir havanın temperaturunda daha çox hiss olunur.
Globalinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
O qeyd edib ki, son illər havanın temperaturunda bir qədər artım müşahidə olunur. Belə ki, son illər ən isti hava 2021-ci ilin iyununda qeydə alınıb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 41, bölgələrdə isə 43 dərəcəyədək yüksəlib: “Bu ilin iyun ayının ilk günlərində mülayim cənub küləklərinin, isti hava axınının təsiri ilə əlaqədar havanın temperaturu bir qədər yüksəlib. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 34, bölgələrdə isə 37 dərəcə isti qeydə alınıb”. Xidmət rəisinin sözlərinə görə, yaxın günlərdə havanın temperaturunun bir qədər də yüksələcəyi, maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 31-36, bəzi yerlərdə 38, Naxçıvan MR və Aran rayonlarında 35-38, bəzi yerlərdə 40, dağlıq rayonlarda 20-25, bəzi yerlərdə 28-30 dərəcə isti olacağı gözlənilir”.


Ekoloq Qorxmaz İbrahimli "Sherg.az"a bildirib ki, öncəliklə qeyd edim ki, havaların dəhşətli isti keçməsi müşahidə olunmur:  

“Sadəcə may ayı yağıntılı və sərin keçdiyi üçün bizə isti gəlir. Hazırda iyun ayındayıq.  Mülayim subtropik qurşaqda yerləşən ölkəmizdə yay fəsli başlayıb.  Bakı səhra şəhəridir. Həmçinin betonlaşma və iqlim dəyişikliyinin də təsiri ilə istilər yaxşı hiss olunur.  İki gündür havanın hərarəti 30 33- dərəcə üzərindədir. Şübhəsiz ki, sərin keçən may ayından sonra istiləşmə narahatçılıq yaradıb. Üç ay və sentyabr ayı da əlavə olunarsa, ölkəmizin aran ərazilərində yay isti keçəcək. İstilərlə mübarizəyə gərək yoxdur.  İnsanın vücud istiliyindən yüksək olmayan hərarət təhlükəli deyil. Sabah insanlar dənizə yaxın ərazilərimizdə çimərliklərdə faydalı vaxt keçirilməlidir. Saat 11:00-17:00 aralığında isə açıq Günəş altında olmaqdan çəkinmək lazımdır. Bol su içilməlidir (soyuq olmamalıdır).  Günəş altında açıq rəngli şapqa və çətirlə hərəkət edilməlidir. İsti ilə mübarizə aparmaq yox, dediyimiz kimi diqqətli davranılmalıdır. Günəş vurmasından, yanıqlardan qorunmaq lazımdır. Bir də xüsusən isti havalarda piknikə çıxarkən yanğın yaratmamaq üçün diqqətli olmaq lazımdır.

Tibb elmləri doktoru professor, Adil Qeybulla isə vurğulayıb ki, yay gəldiyi üçün isti havalar müşahidə edilir:

“Bakıda yay vaxtı hər zaman isti olur. Temperatur ola bilər ki, əvvəlki illərdən fərqli olsun. Yay zamanı ən çox gün vurma hadisəsinə rast gəlinir. Saat 12 və 5 arası günəş şüaları altında mümkün qədər az olmaq tövsiyyə olunur. Xüsusilə də günəş şüaları altında məcburi duran şəxslər günəşə qarşı kremlərdən və baş örtüyündən istifadə etməkləri daha məqsədə uyğun sayılır. Çimərliklərə və digər yerlərə günəş şüalarının birbaşa düşdüyü vaxt getmək olmaz. Yayda çoxlu maye qəbul etmək və meyvə yemək lazımdır. Çünki, həm nəfəs yolu ilə, həm də dəridən istiliyin xaric olması üçün su buxarlanır. Bu isə orqanizmin susuzlaşamasına və qan laxtalanmasına gətirib çıxarır. Ev şəraitində kondisionerlərə gəldikdə isə, çox da aşağı dərəcələrə qoymamaq lazımdır. Çünki, bayırda 30 dərəcə temperatur varsa, evdə kondisioneri 24-25 dərəcəyə qoymaq lazımdır. Çox vaxt insanlar buna düzgün riayət etməyən zaman soyuqlamalar yaranır. Kondisioneridə uzun müddət istifadə etmək olmaz. Bir müddət fasilə verərək, bədəni özünə geri gətirmək lazımdır.”