Azərbaycan əsgəri qəhrəmanlıq məktəbi yaratdı

Aprel döyüşləri gənclərin döyüş ruhunun yüksəkliyini göstərdi

Gənc nəslin milli-mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

XX əsrin 80-ci illərinin sonundan başlayan milli-azadlıq hərəkatı xalqımızın azadlıq, müstəqillik arzularının çiçəklənməsinə, xalqın oyanışına təkan verməklə yanaşı, həm də gənclərdə vətənpərvərlik duyğularının baş qaldırmasına təkan verdi. Azərbaycan gəncliyi bütün sovet insanına 70 il ərzində aşılanan “SSRİ – mənim Vətənimdir” ideyasının sadəcə, imperiya siyasətinə xidmət etdiyini anladılar. 

Əlbəttə, gənclərdə Vətən sevgisinin əslində nədən ibarət olduğu düşüncəsinin  formalaşmasında milli ziyalılarımızın, xalq hərəkatının önündə gedənlərin rolu danılmazdır. Bu düşüncənin hakim olmasının nəticəsi idi ki, gənclər Vətən yolunda şəhidliyi – şərəfli bir yolu seçərək torpaqlarımızın müdafiəsinə qalxdılar. Həm Birinci Qarabağ müharibəsi, həm də ikinci – 44 günlük Vətən müharibəsində Azərbaycan gənci Vətənə sevgisini və bağlılığını canını fəda etməklə sübuta yetirdi. Azərbaycan dövlətinin torpaqlarının işğalda qalması ilə heç vaxt barışmayacağını isə 2016-cı ilin Aprel döyüşləri bir daha təsdiqlədi. Aprel döyüşləri haqlı olaraq 44 günlük Vətən müharibəsində qazanılan qələbənin müjdəçisi hesab edilir. Aprel döyüşləri 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olundu. Aprel döyüşləri özünün həcminə görə 12 may 1994-cü ildə razılaşdırılmış atəşkəs rejimindən sonra Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma hesab edilir. Bu döyüşlərdə qazandığımız qələbə - ordumuzun strateji yüksəkliklərdə bərqərar olması, 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinə bir sıra üstünlüklər qazandırdı.

 Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev hökumət üzvləri ilə keçirilən müşavirədə qeyd etmişdi ki, Aprel döyüşləri zamanı 2 min hektar ərazi erməni işğalından azad edilib. Azərbaycan xalqı torpaqlarımızın müdafiəsi, ərazi bütövlüyümüz uğrunda döyüşmüş, şəhid olmuş övladlarını daim ehtiramla yad edir, xatirəsini əziz tutur. Şəhidlərin xatirəsinin daim yad edilməsi gənclərdə milli ruhun, vətənpərvərlik hisslərinin tərbiyəsində xüsusi əhəmiyyətə malikdir. Azərbaycanda şəhid ailələri dövlətin himayəsi altındadır və daim qayğı ilə əhatə olunurlar. Dövlət qurumları tərəfindən anım tədbirləri keçirir, şəhidlərin yaşadıqları ərazidə, bir zamanlar təhsil aldıqları məktəbdə xatirə lövhələri vurulur, büstləri ucaldılır. Aprel döyüşlərinin 9-cu ildönümündə də paytaxtda və regionlarda belə silsilə tədbirlər keçirilib. Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Mirzəyev Murad Telman oğlunun xatirəsinə həsr olunan anım tədbir də buna misaldır. Anım mərasimi haqqında Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, tədbirdə şəhidin ailə üzvləri, müəllimləri və döyüş yoldaşları iştirak ediblər. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edənlər M.Mirzəyevin şərəfli həyat və xidmət yolundan, onun vətənpərvərliyindən, göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrindən danışıblar. MMU rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov çıxış edərək şəhid zabitin göstərdiyi rəşadətin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. Tədbirdə həmçinin "Murad Mirzəyev Salnaməsi" adlı kitabın təqdimatı keçirilib. Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən vətənpərvərliyi tərənnüm edən musiqilər və bədii kompozisiyalar nümayiş olunub. 2016-cı ilin aprelində erməni işğalçılarına qarşı döyüşlərdə qəhrəmancasına şəhid olan Müdafiə Nazirliyinin xüsusi təyinatlı giziri Toğrul Habil oğlu Fərəczadənin xatirəsi isə Ağsu rayonunun Bico kəndində yad olunub. Bununla əlaqədar keçirilən anım mərasimində rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin məsul işçiləri, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər. Mərasim iştirakçıları əvvəlcə şəhidin doğulub boya-başa çatdığı ata evinə gəlib, burada təşkil edilən ev muzeyinə baxıblar. Sonra kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub. Tədbirdə iştirak edən rəsmi şəxslər Vətən üçün canından keçən layiqli övlad böyütdüklərinə görə şəhidin valideynlərinə təşəkkürlərini bildiriblər. Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər. 

Aprel döyüşlərinin Azərbaycan dövlətçilik tarixində yeri və əhəmiyyəti barədə millət vəkili, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı “Aprel döyüşləri. Gerçəkliklər və dərslər” adlı elmi məqaləsində yazır: 

- Azərbaycan üçün təkcə hərbi-texniki deyil, eyni zamanda diplomatik-siyasi və mənəvi-psixoloji əhəmiyyət daşıyan aprel qələbəsinin müxtəlif tərəfləri haqqında çox yazmaq olar. Fikrimizcə, bu qələbə ilk növbədə aşağıdakı prinsipial məsələləri bir daha isbat etdi. Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı indiyədək irəli sürülmüş təşəbbüslərin qarşısını almağa çalışan təcavüzkar Ermənistana ciddi qulaqburması verdi, layiq olduğu yeri göstərdi və dəfələrlə güclü olduğunu nümayiş etdirdi. Bir daha əmin olundu ki, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyildir, hər an böyük hərbi əməliyyatlar başlaya bilər. Böyük bir müharibə qaçılmaz olar və bütün regionda daha ağır fəsadlar törədər. Bunun da bütün məsuliyyəti təcavüzkar ölkənin və ATƏT-in Minsk qrupu həmsədrlərinin üzərinə düşər. Mövcud status-kvo dəyişdirilməlidir. Yəni Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionundan və ətraf rayonlardan işğalçı ordular çıxarılmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir. Ona görə də Minsk qrupunun həmsədrləri onlara verilmiş mandata uyğun olaraq hərəkət etməli və Azərbaycan ərazilərinin işğalına son qoyulması üçün səylərini artırmalıdırlar. Aprel qələbəsi bir daha göstərdi ki, Azərbaycan dövləti və milləti öz ərazilərinin işğal altında qalması ilə barışmayacaq, düşmənə layiq olduğu cavabı verəcək və nəyin bahasına olursa-olsun, torpaqlarını düşmən tapdağından azad edəcəkdir. Buna qadirdir. Qələbə Azərbaycan dövlətinin hərb sisteminin yenidən qurulmasına, müasir silahlarla təchiz edilməsinə və Vətənin müdafiəsinə xüsusi qayğı göstərilməsinə dair cənab Prezident İlham Əliyevin siyasətinin düzgünlüyünü göstərdi. Dövlət büdcəsində müdafiə xərclərinin ən çox olmasının zəruriliyi bir daha təsdiq edildi. İşğalçı ölkə ordusunun “məğlubedilməzliyi” haqqında uzun illər boyu erməni cəmiyyətinə yalan təbliğat yolu ilə sırıdılmış uydurmalar Azərbaycan ordusu tərəfindən apreldə qısa bir müddət ərzində “sabun köpüyü”nə çevrildi. İşğalçı ordunun mövqeləri bir anda darmadağın edildi. Bu, bir daha göstərdi ki, Azərbaycan ərazilərinin işğal altında qalması müvəqqətidir, işğala son qoyulacaqdır, ordumuz bu vəzifəni yerinə yetirməyə qadirdir. Qələbə eyni zamanda, Azərbaycan hərb sisteminin, hərbi kəşfiyyatının işğalçı ölkənin hərb sistemindən və kəşfiyyatından qat-qat üstünlüyünü, Azərbaycan əsgər və zabitinin döyüş ruhunun yüksəkliyini və qəhrəmanlığını göstərdi. Azərbaycan əsgəri mərdliyini, mübarizliyini və döyüşkənliyini ortaya qoymaqla bir qəhrəmanlıq məktəbi yaratdı.

M.Qasımlı məqaləsində qeyd edir ki, Aprel qələbəsi Azərbaycanda hakimiyyət və xalq arasında sıx birliyi göstərdi. Bir daha təsdiq etdi ki, təcavüzə son qoyulması məsələsində Azərbaycan milləti və dövlətinin mövqeyi eynidir. Azərbaycan vətəndaşları dövlətin bu istiqamətdə siyasətini birmənalı olaraq müdafiə edirlər və onun yanındadırlar: 

- Azərbaycanın qələbəsi Ermənistanda olan ümumi böhranı daha da dərinləşdirdi. Korrupsiya bataqlığında olan işğalçı ordunun rəhbərliyindən generallar və digər yüksək rütbəli zabitlər işdən qovuldu. Bu, rüsvayçı bir hadisə idi. Azərbaycanın qələbəsi cinayətkar Sarkisyan rejimi ilə erməni ünsürü arasında olan uçurumu daha da dərinləşdirdi. Bu qələbə erməni cəmiyyətinin mənəvi-psixoloji böhranını dərinləşdirdi. Ölkəni hakimiyyət əleyhinə mitinqlər bürüdü. Erməni əsgərinin anası oğlunun başqa dövlətin ərazisində nə üçün öldüyünü Sarkisyan rejimindən daha çox soruşmağa başladı. Azərbaycanın kiçik bir əks-hücumu nəticəsində nəinki işğal edilmiş ərazilərdən, o cümlədən Ermənistandan adamlar qaçmağa başladılar. Lakin Aprel döyüşləri göstərdi ki, Azərbaycan dinc sakinlərə qarşı deyil, ərazilərinin işğaldan azad edilməsi üçün döyüşür. Aprel döyüşlərində qələbə Azərbaycan üçün yeni bir şərait yaratdı. Dövlətimizin nüfuzu daha da artdı və beynəlxalq mövqeləri gücləndi. Bir daha təsdiq etdi ki, diplomatiya gücə arxalanmalıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü qətiyyətli, prinsipial və xalqın milli maraqlarına cavab verən siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar Ermənistan rəhbərliyinin mürəkkəb vəziyyətə düşməsi ilə nəticələndi. Belə ki, ATƏT-inMinsk qrupunun həmsədrləri artıq münaqişənin həlli ilə bağlı qəti mövqe ifadə edir, mövcud status-kvonun saxlanmasının mümkün olmadığı barədə ümumi rəy bildirirlər. Bu isə beynəlxalq aləmin və dünyanın aparıcı dövlətlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli zamanının artıq çatmasına və bundan sonra mövcud status-kvonun saxlanmasının mümkünsüzlüyünə dair açıq mesajlar oldu. Ordumuzun aprel qələbəsi geriyə baxmağımıza və torpaqlarımızın hansı şəraitdə işğal edilməsinə bir daha diqqət yetirməyimizə və ibrət almağa  bizi vadar etdi. Aydın şəkildə göstərdi ki, torpaqlarımız dövlətimiz zəif və daxildə qarışıqlıq, sabitsizlik olduğu zamanlarda işğal edilib. Hamı əmin oldu ki, əgər dövlətimiz güclü olmasaydı, apreldə qələbə də qazanılmazdı. Deməli, Azərbaycanda xalq və hakimiyyət  arasında sıx birlik və dövlətimiz güclü olduğu zaman istənilən problemi uğurla həll etmək mümkündür. Bundan sonra da dövlətimizin iqtisadi və hərbi qüdrəti daha da gücləndirilməli, millətimiz daim öz dövlətinin yanında  yer almalı, ölkədə sabit, davamlı inkişaf olmalıdır. Aprel döyüşlərində şəhidlər də verdik. Hamı yaxşı bilir ki, Vətən torpağı şəhid verilmədən azad olunmaz. Haqq işimiz uğrunda bizim hər birimiz şəhid olmağa hazırıq. Şəhidlər o zamana qədər əgər yalnız bir ailənin, kəndin və qəsəbənin tanıdıqları idisə, indi onlar bütün millətimizin övladlarıdır. Onların məzarları hər birimizin and yeridir. Qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onlar öz qəhrəmanlıqları ilə bir nümunə göstərdilər.