Ekspert: Dondurmanın donu açılıb yenidən dondurulursa, keyfiyyətini itirir

İsti günlərdə ən çox arzulanan həm də dondurmadır. Mütəxəssislər isə təkcə yay mövsümündə deyil, ilin bütün fəsillərində dondurma alarkən diqqətli olmağı tövsiyə edir. İstehlak müddəti bitmiş və ya qablaşdırmasında xətalar olan dondurma orqanizmə ziyanlıdır. Xüsusən də, azyaşlılara dondurma verərkən ehtiyalı olmaq lazımdır.

Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bu günlərdə “OBA” marketlər şəbəkəsində satışda olan “Plombir” dondurmalarının keyfiyyətsizliyi ilə bağlı paylaşım edib. Sosial şəbəkə vasitəsiylə vətəndaşlara müraciət edən ekspert “Plombir” dondurmalarının dondurucuda olsalar da ərinmiş halda olmalarını göstərib.

Ekspert “Sherg.az”a açıqlamasında bildirdi ki, dondurmanın donu açılıb yenidən dondurulursa, keyfiyyətini itirir: 

- “OBA” marketdə “Plombir” dondurması diqqətimi çəkdi. Kağız qablaşdırmada olan dondurmanın ərimiş olması, açıq bilinirdi. Məlum idi ki, dondurmaların donu açılıb, sonra yenidən dondurulub. Belə vəziyyət qidanın keyfiyyətini itirdiyini göstərir. Təkrar dondurma zamanı qidanın tərkibi pozulur və keyfiyyətini itirir. Bu cür qidanı qəbul etmək faydasız, hətta təhlükəlidir. Xüsusən uşaqlar üçün. Alıcılar dondurma alarkən bu məqamlara diqqət etsinlər. 

A.Salamov qeyd etdi ki, OBA marketlər şəbəkəsi paylaşıma reaksiya verib və dondurmaların satışdan çıxarıldığı bildirib.