Gürcüstan həbsxanasında İsrail vətəndaşı ölüb



Gürcüstanın Kutaisi şəhərində yerləşən 2 saylı həbsxanada 61 yaşlı İsrail vətəndaşı ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xüsusi Penitensiar Xidməti məlumat yayıb.

Xarici vətəndaş bir neçə gün öncə İsrail dövlətinin tələbinə əsasən Gürcüstanda saxlanılıb. Zorlamada ittiham olunan şəxsin İsrailə ekstradisiyası üçün hazırlıq işlərinə başlanılıb.

İsrail vətəndaşının sağlamlıq durumunda heç bir problem müşahidə olunmayıb. Həkim müayinəsindən sonra ona nevrotizm diaqnozu qoyulub. Avqustun 10-da səhər saatlarında əcnəbi vətəndaş huşsuz vəziyyətdə tapılıb. Növbətçi həkim onun öldüyünü qeydə alıb.

Faktla bağlı araşdırma aparılır.