Tunisdə polisi bıçaqla qətlə yetirən üç terrorçu öldürülüb


Tunis paytaxtının yaxınlığındakı Souss kurort şəhərində terrorçular Milli Qvardiyanın əsgərlərinə bıçaqla hücum ediblər.

AZƏRTAC rəsmi TAP agentliyinə istinadla xəbər verir ki, bir polis zabitini qətlə yetirən və Milli Qvardiyanın bir əsgərini də yaralayan terrorçulara qarşı əməliyyat həyata keçirilir. Milli Qvardiyanın sözçüsü jurnalistlərə bildirib ki, Əl-Kantaouj və Cəbali kurort məkanlarına qaçmağa çalışan üç terrorçu öldürülüb. Onların avtomobilindən qətlə yetirilən və yaralanan polislərin silahları tapılıb.

Qeyd edək ki, 2015-ci ildə Souss kurort şəhərində Tunis tarixinin ən dəhşətli terror aktı törədilib. Həmin vaxt terrorçuların çimərliklərdə istirahət edən əcnəbilərə atəş açması nəticəsində 38 turist həlak olmuşdu.