BMT qərarlarını icra etməlidir! - “Fələstin dövlət kimi tanınsın”

Xəbər verdiyimiz kimi, İsrail-Fələstin arasındakı qarşıdurma davam edir. İsrail qırıcı təyyarələri Qəzza zolağında "HƏMAS"ın kəşfiyyat qərargahındakı hədəflərə zərbələr endirib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti məlumat yayıb.
İki ölkə arasındakı qarşıdurmaya beynəlxalq reaksiyalar da olduqca çoxdur. BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı iclası keçirilib. Virtual formatda keçirilən iclasda çıxış edən BMT baş katibi Antonio Quterreş bildirib ki, Qəzza və İsrail arasında yaranmış bu gərginlik son illərdə meydana çıxmış ən ciddi toqquşmadır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin tərəfləri gərginliyi azaltmağa və ortaya çıxan problemləri sülh yolu ilə həll etməyə çağırıblar.
İsrail-Fələstin münasibətlərinin normal olmadığı bütün dünyaya bəllidir. İki ölkə arasında gərgin münasibət ilk dəfə yaşanmır, çox güman ki, sonuncu da olmayacaq. Lakin qarşıdurmanın nə üçün bu qədər alovlandığı maraqlıdır.



Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Sherg.az”a bildirib ki, tərəflər arasındakı qarşıdurmanın sona çatmasının əsas yolu BMT-nin 1947-ci ildə qəbul etdiyi qərara uyğun olaraq Fələstinin bütün dünyada dövlət kimi tanınmasıdır:

“Bu günə qədər Fələstinin bir dövlət kimi hansısa siyasi statusu yoxdur. Ona görə də BMT öz qərarlarını icra etməlidir. Sonra isə Fələstin öz hüquqlarından istifadə etməlidir. Bu məsələ həll olunmasa, qarşıdurma davam edəcək”.

“Münaqişənin aktiv fazaya keçməsində hansı qüvvələrin rolu ola bilər?” sualına gəlincə, S.Cəlaloğlu vurğulayıb ki, burada heç bir qüvvənin “əl”i yoxdur:

“Sadəcə 1947-ci ildən bu günə qədər Fələstinə aid edilmiş torpaqlar əllərindən alınır. Həmin torpaqlara dünyanın müxtəlif ölkələrindən əhalini yerləşdirirlər. İndiyə kimi 6 milyon fələstinli torpaqlarından çıxarılıb və indi də onların öz torpaqlarına qayıtmasına imkan verilmir. Bu məsələ İsrailin dövlət siyasətidir və yanlışdır. Ümumiyyətlə, bütün ölkələr beynəlxalq hüquqa  riayət etməlidir. İsrail və Amerikanın işğalçılığına son qoyulmalıdır. Vaxtilə Amerikanın özünün imza atdığı BMT qərarları icra olunmur”.