İsrail-Fələstin gərginliyi:“ABŞ-ın proseslərə müdaxiləsi azalmalıdır”

“Konkret güzəştlər olmadıqca müharibənin bərpa edilməsi, hətta şiddətlənməsi ehtimalı həmişə var”

“Daimi sabitlik üçün qarşılıqlı güzəştlər olmalı və hər iki tərəf radikal ünsürlərdən canını qurtarmalıdır”


Son günlər İsraillə Fələstin arasındakı toqquşmada müəyyən qədər səngimə müşahidə olunur. Amma bu, hələ tərəflərin silahı yerə qoyması demək deyil. Məşhur Amerika yazıçısı Ernest Hemenqueyin eyni adlı əsərində olduğu hələ kimsə “Əlvida, silah” deməyib. Deməli, hərbi toqquşma yenidən bərpa oluna bilər. Və bu dəfə daha şiddətli ssenari ilə...

 BDU-nun müəllimi, beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov tərəflər arasında konfliktin kökləri barədə “Sherg.az”a danışdı:

 “Son toqquşma nəticəsində hər iki tərəfdən xeyli itki oldu, o cümlədən uşaqlar öldürüldü. Bu mübahisənin əsası hələ XIX əsrdə yəhudilərin həmin ərazilərə köçürülməsi ilə qoyulub. 1947-ci ildə BMT baş assambleyasında məsələ ilə bağlı 181 saylı qətnamə qəbul olunub. Beləliklə, Qüdsdə beynəlxalq nəzarət rejiminin yaradılması nəzərdə tutulub. Lakin Fələstin bu sənədlə razılaşmadı və öz dövlətini yaratmaq istədi. Nəticədə tərəflər arasında ilk müharibə baş verdi və Fələstin torpaqlarının xeyli hissəsini itirdi, məcburi köçkünləri oldu. Ardınca bir neçə dəfə müxtəlif toqquşmalar baş verdi. 90-cı illərdə tərəflər arasında müəyyən yumşalmalar olsa da, tarixə “Oslo prosesi” kimi düşən hadisə uğursuzluqla nəticələndi, tərəflər qarşılıqlı kompromisə getmədilər. Mübahisə predmeti isə ərazi iddiaları, Fələstinin müstəqillik istəməsi və xüsusilə Şərqi Qüdsün statusudur. Çünki Qüds hər iki tərəf üçün müqəddəs məkandır”.

S.Zahidovun fikrincə, toqquşmanın bundan sonra baş verəcəyi istisna deyil: 

“Konkret güzəştlər olmadıqca müharibənin bərpa edilməsi, hətta şiddətlənməsi ehtimalı həmişə var. Daimi sabitlik üçün qarşılıqlı güzəştlər olmalı və hər iki tərəf radikal ünsürlərdən canını qurtarmalıdır. Həmçinin digər dövlətlərin, o cümlədən ABŞ-ın proseslərə müdaxiləsi azalmalıdır. Fikrimcə, 181 saylı qətnamə uğurlu idi. Belə ki, sənədə əsasən hər iki tərəfin dövlət qurmaq imkanları tanınır və Qüdsdə beynəlxalq nəzarət rejimi yaradılırdı. Həmin tələblər yerinə yetirilsə, ciddi uğurlar əldə etmək olardı”.

 Ekspert region ölkələrinin konfliktə münasibətindən də söz açdı:

 “Bu müharibə regional əhəmiyyətlidir və uzun illər belə olub. Regionda söz sahibi olmaq istəyən qüvvələr, o cümlədən Türkiyə, İran və İraq həmişə proseslərə münasibət bildiriblər. Həm Türkiyə,  həm də  İran regionda güclənməkdən ötrü Fələstini dəstəkləməlidir. Ən düzgünü isə Azərbaycanın mövqeyidir. Fikrimcə, rəsmi Bakının neytral qalması optimal variantdır”.