Ağ Evin erməni "ANCA"sı terror yolu tutub

Amerikanın Erməni Milli Komitəsi Azərbaycana intiqam hissi ilə yanaşır


Dünyanın müxtəlif ölkələrində yaşayana ermənilər Azərbaycanın 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəsini hələ də həzm edə bilmirlər. Son günlər erməni lobbisi kəskin şəkildə aqressivləşib. Xaricdəki azərbaycanlılara qarşı terror, sui-qəsd və təxribatlar artmağa başlayıb. Bununla yanaşı, ermənilər xaricdə Azərbaycana qarşı qarayaxma kampaniyaları da aparmağa üstünlük verirlər. Xüsusən, erməni diasporunun ideoloji mərkəzi hesab olunan Amerikanın Erməni Milli Komitəsi (ANCA) 2021-ci ildə daha da fəallaşıb. Ermənilər tərəfindən, demək olar ki, bütün terror və təxribatların törədilməsinin ideoloji və maliyyə mənbəyi ANCA-dır. Çünki bu qurum bir çox erməni terror təşkilatlarına maliyyə dəstəyi göstərir. Bütün bu fəaliyyətlər planlı şəkildə həyata keçirilir. 

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, diaspor jurnalisti Fuad Hüseynzadə “Şərq”ə  açıqlamasında vurğulayıb ki, ANCA 2021-ci il üzrə anti-Azərbaycan prioritetlərini öz saytında açıqlayıb. Jurnalist erməni lobbisinin planlarının nədən ibarət olduğuna diqqət çəkib:

“Məqsəd qondarma rejimin müstəqilliyinin tanınması, bütün erməni “hərbi əsirlərin” azad edilməsinin təmin edilməsi, Bakının təhlükəsizliyi sahəsində hərbi və humanitar yardım proqramlarının dayandırılması, Azərbaycan və Türkiyə rəhbərlərinə Maqnitski sanksiyalarının tətbiqi, hər iki ölkəyə silah ixracına dair bütün yeni lisenziyalardan imtina edilməsinə nail olmaqdır. Həmçinin, Azərbaycanın pilotsuz uçuş aparatlarında Amerika hissələrinin araşdırılması, ABŞ və qondarma rejim arasında səfərlər və əlaqələr üçün maneələrin aradan qaldırılması, erməni kilsələrinin müdafiəsi və s. öhdəliklərlə də götürülüb. Hazırda Azərbaycanın hərbi nəzarəti altında olan rayonlarda erməni kilsələrinin və digər müqəddəs və mədəni obyektlərin sənədləşdirilməsində, monitorinqində, qorunmasında ABŞ-ın böyük rolu var”. 

F.Hüseynzadənin sözlərinə görə, ANCA-nın əsas siyasi prioritetindən biri də Ermənistana və qondarma rejimə Ağ Ev tərəfindən humanitar yardımın edilməsidir: “ABŞ Nümayəndələr Palatasının 65-dən çox üzvü Ermənistana və qondarma rejimə yardım kimi 100 milyondan artıq ABŞ dolları vəsait ayrılması barədə Konqresin erməni toplantısının xahişinə qoşulub.

Ümumi olaraq Ermənistana və qondarma rejimə 250 milyon dollar dəyərində inkişaf məqsədi ilə humanitar yardımın verilməsinə çalışılır. Senatın Nümayəndələr Palatasının Xarici əməliyyatlar üzrə alt komitəsinin sədri Barbara Li və yüksək rütbəli üzvü Xel Rocersə məktub göndərərək, qrup 2022-ci maliyyə ili üçün xarici yardım haqqında qanun layihəsinin hazırlanmasına başlayıb. ANCA adından Ağ Evə yazılan məktubda qeyd olunub ki, onlar ABŞ-a Azərbaycana Amerika tərəfindən göstərilən bütün yardımın dərhal dayandırılmasına və regional təhlükəsizlik arxitekturasının əsası kimi Ermənistanın suverenliyinə qəti dəstək verməsinə görə təşəkkür edirlər.

Konqresdə erməni qrupunun həmsədri Frank Pallone  bildirib ki, ötənilki müharibə və bunun nəticəsində yaranmış qeyri-müəyyənlik nəticəsində sarsılmış Ermənistana yardım göstərmək üçün Amerika Birləşmiş Ştatlarının nadir imkanları var: “Ermənistanın əhəmiyyətli iqtisadi yardımının təmin edilməsi onun xalqının daha təhlükəsiz olmasına, demokratiyanı möhkəmləndirməsinə, iqtisadi inkişafı dəstəkləməsinə, vətəndaş cəmiyyətini sabitləşdirməyə, "COVİD-19" pandemiyasına reaksiya verməyə kömək edəcək və ən təcili yardım Artsaxda davam edən humanitar böhranı yüngülləşdirəcək”.

Konqresmen Kris Smit isə ABŞ Nümayəndələr Palatasını qondarma rejimə təcili tələbat, mənzil, tibbi yardım, infrastruktur və digər 50 milyon dolları ayırmağa çağırıb. Xarici yardım haqqında qanun layihəsini yazan Nümayəndələr Palatasının alt komitəsinin rəhbərlərinə ünvanlanan məktubda Smit “ən azı 50 milyon dollar ehtiyacının ərzaq təhlükəsizliyinə, mənzillərə, tibbi yardıma və həyati infrastruktura dəstək məqsədilə Qarabağ ermənilərinə humanitar yardıma ayrılmalıdır” deyə bildirib”. 

Diaspora fəalı bəyan edib ki, Qarabağda ermənilərə zəruri yaşayış yerləri, ərzaq təhlükəsizliyi, su təchizatı və sanitariya və s. tələbat daxil olmaqla birbaşa yardım göstərilməsi üçün ANCA-nın təşkilatçılığı ilə ABŞ Nümayəndələr Palatasına 50 mindən çox məktub göndərilib:

“ANCA-nın təşəbbüsü ilə ermənipərəst senator və konqresmenlər ATƏT-in Minsk qrupunun danışıqlar prosesində iştirakını bərpa etməyə çalışırlar. Bu məsələ əsasən senator Bob Menendes tərəfindən Senat Komitəsində dəfərlərlə qaldırılır. Bob Menendes Bayden administrasiyası tərəfindən erməni soyqırımının tanınmasını dəstəkləmək üçün də çağırışlar edib. Ümumi olaraq bu ilin mart-aprel aylarında 37 senator Prezident Baydenə erməni soyqırımını tanımaq üçün müraciət edib. Xatırladaq ki, ANCA tərəfdarları erməni soyqırımı ilə bağlı 1 milyondan artıq məktubu Ağ Evə və Konqresə göndəriblər. Sonda məlum olduğu kimi, onlar öz istəklərinə çatdılar. Komitə Co Baydenin Azərbaycana qarşı tətbiq etdiyi sanksiyalardan imtina etməsindən məyus olub. Ermənipərəst konqresmenlər Amerika Prezidenti Baydenə və dövlət katibi Entoni Blinkenə məktublar yazaraq Azərbaycan əleyhinə çıxışlar edirlər. Onlar Bayden Administrasiyasının ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin imtina etməsindən narahatlıqlarını bildirir, Azərbaycana qarşı sanksiyaların təbiqi üçün çağırışlar edirlər”.

Birlik rəhbərinin sözlərinə görə, Konqresin ermənipərəst üzvləri, eyni zamanda özlərinin sosial şəbəkə profillərində Ermənistan-Azərbaycan arasındakı son sərhəd gərginliyini əsasız olaraq siyasi formada təqdim edir:

“Ölkəmiz əleyhinə tərxribatçı fikirlər səsləndirirlər. Ümumiyyətlə, ermənipərəst konqresmenlər ABŞ tərəfindən Azərbaycana ediləcək istənilən gələcək yardımları bloklamaq üçün maksimum cəhdlər göstərirlər. Göründüyü kimi, ANCA ölkəmizlə bağlı öz qarşısına çox kəskin prioritetlər qoyub və artıq terror təşkilatı imici yaradır. ANCA müəyyən mənada ABŞ-ın dövlət siyasətinə təsir gücünə malik olan qurumdur. Erməni lobbisi, xüsusən ermənipərəst konqresmen və senatorlar vasitəsilə Komitə bir çox hallarda öz təsirini Ağ Evə göstərir. Bu baxımdan təşkilatın anti-Azərbaycan və anti-Türkiyə prioritetlərini gec və ya tez həyata keçirməsi gözləniləndir. Buna qarşı önləyici tədbirlərin görülməsi dövlətimiz naminə faydalı olardı”.