ABŞ ən vacib məsələni gündəmə gətirəcək

Baydenlə Putin arasında fikir ayrılıqları çoxdur

"Bunun bir görüşlə həll ediləcəyi ehtimalı olduqca azdır"

İyunun 16-da Cenevrədə ABŞ və Rusiya prezidentlərinin görüşü keçiriləcək. Dövlət başçılarının strateji sabitlik, pandemiya ilə mübarizə, beynəlxalq çağırış və regional münaqişələri müzakirə edəcəkləri gözlənilir. Prezident Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Rusiyada insan hüquqlarına riayət olunması mövzusunu qaldırmaq niyyətində olduğunu deyib. ABŞ rəhbəri bildirib ki, o, Putinə insan hüquqlarını pozmasına imkan verəcək mövqedə dayanmayacağını anladacaq. Amerika və Rusiya prezidentlərinin görüşünə diqqət böyükdür. 

Politoloq Azər Rəşidoğlu “Şərq”ə açıqlamasında iki super gücün müzakirə edəcəyi məsələlərin çox olduğunu deyib. Analitikin fikrincə, görüş zamanı Suriya böhranı, Ukrayna və Belarusla bağlı məsələlər müzakirə edilə bilər:

“Görüş Azərbaycan üçün də önəmlidir. ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı”nı tanıması Türkiyə və Azərbaycanda mənfi qarşılandı. Digər tərəfdən, Baydenin “Azadlığa dəstək aktı”na 907-cü düzəlişin dayandırılması müddətini uzatması, bu barədə dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə şəxsən telefonla məlumat verməsi Amerika tərəfinin Bakı ilə münasibətlər qurmaq niyyətindən xəbər verir. Mövcud regional reallıqlar kontekstində Azərbaycanın  potensial orta xətt dəhlizinin, Şərqlə Qərbi, Yaxın Şərqlə Şimali Afrikanı birləşdirən kommunikasiya xətlərinin ən strateji nöqtəsində yerləşməsi ölkəmizi bu görüşün keçirilməsi üçün cazibədar etməkdədir. Ehtimal etmək olar ki, Putin və Bayden arasındakı görüş iki ölkə arasındakı münasibətləri müsbətə doğru dəyişəcək”. 

Siyasi şərhçi bəyan edib ki, proqnozlara görə, Putin Çinlə münasibətlər məsələsində vaxtı uzatmağa çalışacaq: 

"Bu, məsələnin müzakirəsini növbəti mərhələyə saxlayacaq. ABŞ üçün bir neçə vacib məsələdə Rusiya ilə konkret razılığa gəlmək çox vacibdir. Yaxın Şərq, Cənubi Qafqaz, Ukrayna məsələsinin müzakirəsində qərar qəbul edilməsi növbəti mərhələlərə saxlanıla bilər. Rusiya daha çox Belarusun avtoritar hakimiyyətini qorumağa çalışır. ABŞ isə rəsmi Minskə qarşı sərt mövqe nümayiş etdirir. Vaşinqton Azərbaycan-Ermənistan konfliktinin nizamlanmasında Rusiya və Türkiyənin həlledici mövqeyi ilə də razılaşmır. Ermənistan seçkiyə hazırlaşır və bu seçki İrəvanın gələcək diplomatiyasına birbaşa təsir edəcək. Bu baxımdan, ABŞ hansısa formada rusları Ermənistandan kənarlaşdırmaq istəyir və iki liderin görüşü zamanı bu məsələnin də müzakirə ediləcəyi istisna deyil. Bayden və Putin arasında fikir ayrılıqları çoxdur və bunun bir görüşlə həll ediləcəyi ehtimalı olduqca azdır”.