Türkiyənin Gürcüstanla münasibətləri həmişə yaxşı olub

Bu əməkdaşlıqdan ən çox qazanan da məhz Tbilisi olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşündə ikitərəfli əlaqələrlə yanaşı, regional əməkdaşlıqdan da bəhs edib. Ərdoğan Türkiyənin Gürcüstanın suverenliyi və torpaq bütövlüyünə dəstəyini xatırladıb və bildirib ki, Türkiyə Gürcüstanı regional əməkdaşlığın açarı olaraq görür:

“Bu il Türkiyədə ilk diplomatik nümayəndəliklərdən olan Gürcüstan Səfirliyinin 100, ölkənin müstəqilliyinin bərpa olunmasının 30-cu ilini qeyd edirik. Türkiyə son 14 ildə Gürcüstanın ən böyük ticarət ortağı olub. İqtisadi prosesləri sürətləndirəcək gömrük müqavilələri üzərində çalışırıq. Ticarət həcmində artıq hədəfimiz 3 milyard dollardır”. Ərdoğan vurğulayıb ki, bölgə ölkələri arasında sıx əməkdaşlıq həyati əhəmiyyət kəsb edir: “Azərbaycan-Gürcüstan-Ermənistan və Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı - bütün bunlara Türkiyə olaraq varıq. Gürcüstan, Türkiyə və Azərbaycan eyni taleyi paylaşıb. Güclü bağlarının olması, gözəl əməkdaşlıq və dostluqları təqdirəlayiqdir. Ortaq səylərimizlə ikili, üçlü və çoxtərəfli formatları inkişaf etdirə bilməmiz üçün gözəl təməllər var”. Məlumat üçün bildirək ki, Türkiyə-Gürcüstan yaxınlaşması Ermənistanda narahatlığa səbəb olur. Erməni mediası “Türkiyənin Gürcüstanı da yanına çəkməsini” ermənilər üçün fəlakət kimi dəyərləndirirlər.

Politoloq Əhəd Məmmədli “Şərq”ə açıqlamasında deyib ki, Ermənistanın xarici siyasətində ən böyük səhvlərdən biri odur ki, İrəvan tarixi uydurmalara və bəzi Qərb dövlətləri, o cümlədən Rusiya faktoruna görə, daim öz qonşusu Türkiyə ilə əlaqələri korlayıb. Analitik vurğulayıb ki, 100-150 il əvvəldən başlayaraq ermənilər “Böyük Ermənistan” xülyasına düşərək öz həyatlarını və gələcəklərini bərbad ediblər: “Ermənilər xarici oyunçulara güvənərək Türkiyəyə qarşı çıxıb və hər zaman da son nəticədə meydanda tək qalıblar. Çünki ermənilər onları himayə edən dövlətlər üçün sadəcə alətdir, istifadə etdikdən sonra kənara atırlar. Bu gün Ermənistanın acınacaqlı duruma düşməsinin səbəbi 1991-ci ildən üzü bəri apardığı yanlış siyasətdir. Təəssüflər olsun ki, Ermənistan hökumətləri aldıqları dərsdən düzgün nəticə çıxartmağı bacarmırlar. Bölgədə təkbaşına qaldıqlarını dərk etmirlər. Türkiyə sadəcə Gürcüstana deyil, Ermənistana da dəfələrlə əməkdaşlıq təklifi edib. Bildirib ki, ermənilər əsassız iddialardan vaz keçsinlər və qonşu ölkələrlə normal əməkdaşlığa başlasınlar. Ankara hökumətinin Gürcüstanla strateji tərəfdaşlıq münasibətləri hər zaman güclü olub”.

Siyasi şərhçi qeyd edib ki, iki dövlət arasında yaxın əməkdaşlığın çoxillik tarixi var:

“Xüsusən, iqtisadi əlaqələr, ticarət dövriyyəsi daha genişmiqyaslıdır. Bu əməkdaşlıqdan təbii olaraq Türkiyədən daha çox Gürcüstan qazanır. Çünki Rusiya ilə sərhədləri bağlı olan Gürcüstan üçün inkişaf etmiş Türkiyə ilə iqtisadi əlaqələrin miqyasını genişləndirmək çox önəmlidir. Gürcüstanın Azərbaycanla əməkdaşlığı, ortaq münasibətlər də hamıya bəllidir. Ərdoğan məhz bunları nəzərə alaraq, növbəti dəfə Ermənistana çağırış edir, onları da normal əməkdaşlığa səsləyir. Əgər İrəvan hökuməti bundan boyun qaçırsa, daha rəzil duruma düşəcəklər”.