Bayden Putin görüşü dünyanı bölüşdürməyə həsr olunmayıb

Sadəcə, ABŞ tərəfi Rusiyanı geri çəkilməyə məcbur etmək istəyir


İyunun 16-da ABŞ Prezidenti Co Baydenlə Rusiya rərbəri Vladimir Putin arasında görüşün olacağı deyilir. Daha doğrusu, iki lider Cenevredə keçiriləcək Zirvə görüşündən sonra bir araya gəlməyi planlaşdırır. Bəzi respublikaçı qanunvericilər Moskva və Belarus tərəfindən atılan son addımlarla bağlı narahatlıqlarını bildirərək, Prezident Baydenin Rusiya lideri ilə görüşmək qərarını tənqid ediblər. Məlumata görə, ölkə başçıları silahlara nəzarət, iqlim dəyişikliyi və İranla nüvə razılaşmasının bərpası da daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər.

Vaşinqton Baydenin Putinlə görüşünü təsdiqləyib. Lakin Ağ Evin mətbuat katibi Cen Psaki yazılı açıqlamasında bildirib ki, Bayden Cenevrədə yalnız Rusiya Prezidenti Vladimir Putinlə deyil, digər ölkə rəhbərləri ilə də görüşəcək. Bir sıra ekspertlər Bayden-Putin görüşünü proseslərə yeni baxış və dünyanı bölmək uğrunda mübarizənin təzahürü kimi yanaşırlar. Vurğulanır ki, son dönəmlər ABŞ uzun müddət nəzarət etdiyi əraziləri itirməkdə, Rusiya isə əksinə, öz mövqelərini gücləndirməkdədir. Odur ki, görüş zamanı ABŞ tərəfinin Rusiyanı geri çəkilməyə çalışacağı iddia edilir. 

Gözlənilən görüşü “Şərq”ə dəyərləndirən millət vəkiili, DİP sədri Asim Mollazadə bildirib ki, Cenevrədə ABŞ Prezidenti Co Baydenin görüşəcəyi bir neçə dövlət başçısı arasında Rusiya rəhbəri Vladimir Putin də olacaq. Deputat vurğulayıb ki, Amerikanın “Şimal axını” ilə bağlı Rusiyaya sərt sanksiya tətbiq etməməsi öz-özlüyündə görüş öncəsi müsbət addım idi:

“ABŞ hesab edir ki, Rusiya ilə həlli mümkün bir neçə problemin müzakirəsi mümkündür. Söhbət Ukrayna məsələsindən və Suriyadakı proseslərdən gedir. Liderlər arasında görüşün müsbət nəticələnəcəyini düşünürəm. İddia edilir ki, guya, Bayden-Putin görüşü dünyanı bölməyə həsr olunub. Bu, mümkün olan bir şey deyil. Bundan sonra hansısa böyük güclərin dünyanı yenidən bölmək, parçalamaq imkanı yoxdur. Dünyanın müxtəlif regionlarında mövcud olan münaqişələr məhz həmin bölgənin ölkələrinin və xalqların iradəsi ilə həll olunacaq. Böyük dövlətlərin niyyət və istəkləri ilə problemlərin çözülmədiyi göz önündədir. Artıq dünya və reallıqlar dəyişib”.