Rusiya daha sərt sanksiyalar astanasındadır

“Avropa İttifaqının embarqo qərarı Rusiya üçün ən azı 100 milyard dollardan artıq ziyana başa gələcək”

“Bunun şimal qonşumuz üçün strateji çətinliklər yaradacağı gözləniləndir”

Avropa İttifaqı (Aİ) Rusiyanın həm xam, həm də emal olunmuş neftinin idxalına qadağa qoymağı planlaşdırır. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, Aİ altı ay ərzində Rusiyadan xam neftin tədarükünü, 2022-ci ilin sonuna isə emal olunmuş məhsulların idxalını dayandırmaq niyyətindədir. Leyen deyib ki, sanksiyalar iri Rusiya banklarının beynəlxalq SWIFT sistemindən ayrılmasını da nəzərdə tutur.

 Fransanın ekoloji keçid naziri Barbara Pompili də bildirib ki, Avropa İttifaqı Rusiya neftinə embarqo tətbiq edilməsi ilə bağlı həftənin sonunda razılığa gələcək: “Müzakirələrin getməsi normal haldır. Çünki Avropa İttifaqına üzv bəzi ölkələr başqaları ilə müqayisədə Rusiya neftindən daha çox asılıdır”. Pompilinin sözlərinə görə, hazırda bu istiqamətdə Brüsseldə müzakirələr aparılır: “Fikrimcə, həftə sonunadək razılıq əldə edə bilərik”. Nazir deyib ki, Rusiyadan idxal olunan xam neftdən imtina etmək asandır: “Ancaq dizel yanacağı ilə bağlı əlavə vaxt lazım olacaq. Avropa İttifaqı enerjidaşıyıcılarından asılılığını azaltmalı, bərpa olunan enerji mənbələrini inkişaf etdirməlidir”. Qeyd edək ki, Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiya paketini hazırlayır. Bu məhdudlaşdırıcı tədbir çərçivəsində Rusiyadan idxal olunan neft və təbii qaza sanksiyanın qoyulması nəzərdə tutulur. 

Millət vəkili Vüqar Bayramov “Şərq”ə açıqlamasında bildirib ki, Avropa İttifaqının bu ilin sonunadək Rusiyadan neft idxalının dayandırılması ilə bağlı yeni sanksiya layihəsi birjalara təsirsiz ötüşməyib. Deputatın sözlərinə görə, “Brent” markalı neftin qiyməti bir gün ərzində 7 faizə yaxın bahalaşaraq bir bareli 111 dollardan baha satılır: 

“Avropanın neft idxalında 25 faiz paya malik olan Rusiya neftindən tam imtina neft bazarına təsirlərini hələ bir müddət saxlayacaq. Qərb daha qısa zamanda Rusiyanın gündəlik 5 milyon barellik neft ixracatını alternativ mənbələr hesabına əvəzləməyə çalışır. Bu isə o deməkdir ki, Qərb ölkələri qərarlı olduqları halda Rusiyanın qlobal neft bazarından çəkiləcəyi gün heç də uzaqda deyil. Məsələdə ümumi razılıq olmasa da, Brüssel tədricən Rusiyanın enerji asılılığını tam aradan qaldırmaqda israrlı görsənir. Bunun qitə üçün neqativ iqtisadi nəticələrə səbəb ola biləcəyinə baxmayaraq, bir sıra Mərkəzi və Şərqi Avropa ölkələri, xüsusən də Macarıstan, Qərbdən isə Almaniya Rusiya ilə enerji əməkdaşlığını davam etdirməkdə maraqlı dövlətlərdir. Aydındır ki, neft idxalının 25 faizini təşkil edən Rusiyadan asılılığı qısa zamanda tam aradan qaldırmaq Avropa İttifaqı üçün hətta texniki baxımdan da asan addım deyil. Bununla yanaşı, Avropanın siyasi paytaxtında məsələlərə yalnız texniki və iqtisadi baxımdan deyil, həmçinin və daha çox təhlükəsizlik aspektindən yanaşırlar. Neft embarqosu reallaşarsa, bu, Rusiyanın valyuta gəlirlərinin kəskin azalmasına səbəb olacaq. Xam neft və neft məhsulları Rusiya ixracatının 37 faizini təşkil edir və bu məhsulların da 70 faizi ABŞ və Avropa bazarlarına ixrac olunurdu. Ötən il Avropaya neft ixracatından Rusiyanın illik qazancı 104 milyard dollar olub”. 

Parlament üzvü qeyd edib ki, Avropa Rusiya neftindən imtina edəcəyi halda rubla təzyiqlər yenidən arta bilər: 

"Hazırda, daha çox daxili qaydalar hesabına milli valyutanın məzənnəsini stabilləşdirən Rusiya Mərkəzi Bankı Qərbin sanksiyaları enerji sektorunu əhatə edəcəyi halda daha məhdud strateji alətlərə malik olacaq. Digər tərəfdən, əsas valyuta ehtiyatları dondurulmuş Rusiya üçün xüsusən yay aylarında dollara artan tələbi tam qarşılamaq heç də asan olmayacaq. Avropada Rusiya neftinin ən böyük alıcısı Almaniyadır. Berlin neft üçün Moskvaya ildə 23.6 milyard dollar ödəyirdi. Embarqo qərarı Rusiya üçün ən azı 100 milyard dollaradan artıq ziyana başa gələcək. Mövcud qiymətlər ilə bu, daha böyük rəqəmlə ifadə olunur. İnfrastruktur və eləcə də sanksiyaların sərtliyi baxımdan nəinki qısa və hətta orta müddətdə də Rusiyanın alternativ bazarlar tapması real deyil. Rusiya yeni və daha sərt sanksiyalar astanasındadır. 

Qarşılıqlı sanksiyalar qısa müddətli dövrdə Avropa üçün mənfi iqtisadi təsirlərə malik olsa da, Rusiya üçün strateji çətinliklər yaradacağı gözləniləndir. Moskva isə hələlik sanksiyalar ilə “yaşamağa” alışmağa çalışır. Bu isə heç də asan hədəf deyil”.