Epidemiya nəzarətdən çıxdı, ölüm halları artır

Banqladeşdə denq qızdırması epidemiyası nəzarətdən çıxıb. 
Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, ölkədə son 24 saatda daha 18 nəfər həyatını itirib. Ölənlərin ümumi sayı 416-ya yüksəlib. Yanvar ayından bu yana yoluxma sayı 87 min 891-ə yüksəlib. Səlahiyyətlilər, yoluxma hallarının Ümumdünya Səhiyyə Təşkilatının proqnozlaşdırdığı rəqəmi artıq keçdiyini bildirib.

Banqladeş Səhiyyə Xidmətləri Baş Müdirliyinin (DHGS) verdiyi açıqlamada bildirilir ki, ölkədə dang qızdırmasından həyatını itirənlərin sayı 416-ya yüksəlib, onlardan 318-i paytaxt Dəkkədə baş verib.

İyul ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 dəfə çox denq qızdırması aşkar edilib.


Denq qızdırması

Tropik və subtropik bölgələrdə müşahidə olunan denq qızdırması insanlara ağcaqanadlar vasitəsilə keçir. İnkubasiya dövründən sonra ümumiyyətlə yüngül qızdırma ilə nəticələnən xəstəlik bəzi hallarda ölümlə nəticələnə bilər.

Alimlər xəbərdarlıq edirlər ki, yüksək temperatur və uzun sürən yağışlar malyariya və denq qızdırması daşıyan ağcaqanadların artmasına səbəb olur.