İran ABŞ-la məhbusların mübadiləsinin şərtini açıqlayıb

Cənubi Koreyada dondurulmuş 6 milyard dollarlıq aktivlər İranın Qətərdəki hesablarına daxil olduqdan sonra Tehran ABŞ-la məhbusları dəyişdirəcək.

“Report” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, yaxın bir-iki gün ərzində ABŞ-ın sanksiyaları nəticəsində Cənubi Koreya banklarındakı hesablarda dondurulmuş 6 milyard dollar Qətərin iki bankındakı hesablara köçürüləcək. İran Mərkəzi Bankı vəsaitlərin köçürülməsini təsdiqlədikdən sonra Dohada Tehran və Vaşinqton arasında razılaşmaların mübadiləsi planlaşdırılır.

Avqustun 10-da “The New York Times” qəzeti yazıb ki, ABŞ və İran məhbusların mübadiləsi barədə razılığa gəliblər. Həmin gün Ağ Ev razılaşmanı təsdiqləyib.

İranın BMT-dəki daimi nümayəndəliyi bildirib ki, Tehran və Vaşinqton məhbusları 5-5 formatında mübadilə etmək barədə razılığa gəliblər. Müqavilə çərçivəsində rəsmi Tehran Cənubi Koreyada dondurulmuş 6 milyard dollara çıxış əldə edəcək.