Bəşəriyyət artıq “cəhənnəmin qapılarını açıb”

İstilər qovuracaq...

BMT son zəngi çaldı

  Qlobal iqlim dəyişmələri dünyanı təhdid etməkdə davam edir.
BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, ölkələrin iqlim dəyişikliyi ilə mübarizə üzrə hərəkətləri problemin miqyasına görə cılızdır: bəşəriyyət artıq “cəhənnəmin qapılarını açıb” və “təhlükəli və qeyri-sabit dünyaya” doğru irəliləyir.
Baş katibin sözlərinə görə, heç nə dəyişməsə, dünya 2,8 dərəcə Selsi temperatur artımına yaxınlaşacaq: “Dəhşətli istilər dünyaya fəlakətli təsir göstərir. İndi insanlar qorxu içində sel və daşqınların pərişan fermerlərin məhsulunu məhv etdiyini, isti temperaturun xəstəliklər törətdiyini və tarixi yanğınların meşələri yandırıb kül etdiyini izləyirlər”.
  A.Quterreş qazıntı yanacaqlarından milyardlar qazananların xəsisliyi ucbatından itirilmiş vaxtı kompensasiya etməyə çağırıb. O təklif edib ki, bu yanacaq növlərindən ən çox faydalanan ölkələr emissiyaları azaltmaq üçün daha çox iş görsünlər.
  Qeyd edək ki, bu il martın 21-də BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Paneli Quterreşin “bəşəriyyətin sağ qalması üçün bələdçi” adlandırdığı hesabatında qlobal istiləşmənin sənaye dövründən əvvəlki dövrlərlə müqayisədə 1,5 dərəcə Selsi səviyyəsində qalmasının daha çətin olduğunu bildirib. Bunun səbəbi son illərdə istixana qazı emissiyalarının davamlı artmasıdır. Hesabatın müəllifləri istixana qazları tullantılarının azaldılması və planetin antropogen iqlim dəyişikliyinə mümkün qədər tez uyğunlaşdırılması üçün tədbirlər görməyə çağırıblar.
  Bununla belə, “Exxon Mobil” neft şirkətinin illik proqnozunda bildirilir ki, istixana qazı emissiyalarının azaldılması səyləri 2050-ci ilə qədər qlobal temperatur artımını 2 dərəcədən aşağı salmayacaq.
  Azərbaycan Ekologiya Standartları Monitorinq Fondunun rəhbəri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, ekologiya elmləri doktoru Rauf Sultanov isə “Sherg.az”a açıqlamasında deyib ki, son on il ərzində Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa Birliyi (AB) və digər qlobal ekoloji təşkilatlar vaxtaşırı qlobal istiləşmə ilə bağlı çağırışlar edirlər. Yer kürəsində qlobal istiləşmənin sürətlə getdiyini, iqlim dəyişikliyinin təhlükəli hal alması ilə bağlı xəbərdarlıq edirlər:

 “Lakin dünyanın mötəbər alimləri, elm adamları isə qeyd edir ki, iqlim dəyişiklikləri nəticəsində gələcəkdə bizi qlobal istiləşmə yox, qlobal soyuqlaşma gözləyir. Ümumiyyətlə, qlobal istiləşmə planetdə baş verən ekoloji bir prosesdir. İsti nə qədər çox olsa, suyun kiçik və böyük dövranı bir o qədər sürətlənir. Qlobal istiləşmə suyun okeanlardan və dənizlərdən, göllərdən, çaylardan buxarlanması prosesidir. Atmosferə buxar vasitəsilə qalxan su yenidən dövr edir.
  
Yayın qaynar istilərindən sonra yağışların yağması təsadüfi deyil ki. Bu il istilər çox oldu deyə, ölkəmizdə təbii fəlakətlər, sel-daşqın halları qeydə alındı.

Bu yay çox isti keçdi, bir yandan da yağıntıların miqdarı çox oldu, neçə rayonu sel suları basdı. İndi baxın, qış necə sərt keçəcək. Qış soyuq olanda isə torpaq uzun müddət yatır, ağaclar, bitkilər də gec oyanır. Nəticədə yaz-yay aylarında torpağın məhsuldarlığı 50-60 faiz artır. Qış aylarında mülayim hava şəraiti hökm sürəndə isə torpaq yuxudan tez oyanır, dincələ bilmir deyə məhsuldarlıq da zəif olur”.
  R.Soltanovun fikrincə, hər nə qədər təbiətin qanunauyğunluğu olsa da, zərərli qazlar prosesin sürətlənməsinə və təhlükəli hal almasına səbəb olur. Yer özü ona dəyən ziyanı bərpa etmək qüvvəsinə malikdir: “Ancaq antropogen amillər çox güclü olduğu üçün təbiət ona dəyən ziyanı bərpa edə bilmir. Təbiətdəki müəyyən anomal proseslər bitkilərə də böyük təsir göstərir. Məhsuldarlıq azalır, torpaq münbitliyini itirir. Dünya əhalisinin sayı da artdığı üçün iqlim dəyişikliyi xoşagəlməz nəticələrə səbəb ola bilər. Bu prosesə qarşı mübarizə isə 1-2 dövlətin işi deyil, qlobal güclər bu problemin həllinə təkan verməlidir. Baxın, qlobal istiləşmə ilə əlaqədar olaraq BMT və əlaqədar təşkilatlar böyük konfranslar keçirirlər. Müəyyən qərarlar qəbul edirlər. Burada həyəcan siqnalı çalınır ki, atmosferə atılan karbon qazının miqdarının çoxalması, istixana qazının miqdarının artması buzlaqların əriməsinə, müəyyən iqlim dəyişikliklərinin əmələ gəlməsinə təsir edəcək. Bununla əlaqədar olaraq müəyyən qərarlar qəbul edirlər. Bilirsiniz ki, dünyada atmosferə karbon qazının atılmasına görə birinci yerdə Amerika dayanır. Eləcə də Yaponiya, daha sonra Avropa ölkələri, Çin və inkişaf etmiş kapitalist ölkələri atmosferə çox miqdarda karbon qazı buraxırlar. Birləşmiş Millətlər Təşkilatının çıxartdığı qərar bəyannamədə əksini tapıb və bu bəyannaməyə əsasən bütün ölkələr qanunvericiliyində bu haqda müəyyən dəyişikliklər etməlidir. Ancaq çox təəssüflər olsun ki, Amerika, Çin, Almaniya və digər ölkələr qlobal istiləşmə ilə əlaqədar atmosferə atdıqları karbon qazının azaldılmasına dair konvensiyalara qoşulmurlar. Konvensiyalara qoşulsalar, onlardakı zavodların sayını 30-40 faiz azaltmalıdırlar, istixanalar azalmalıdır. İqtisadi cəhətdən ziyan görməsinlər deyə, böyük dövlətlər sənaye zavodlarının fəaliyyətinə məhdudiyyət qoymur. Əvəzində özləri büdcələrindən müəyyən miqdarda vəsait ayırırlar ki, atmosferə atılan karbon qazının artmasının qarşısı alınsın”.
  Bununla belə professor deyib ki, kənar təsirlər, zəhərli qazlar atmosferdə, litosferdə dəyişikliklər etsə də zamanla torpaq da, hava da özü-özünü tənzimləyir. Əvvəlkindən yavaş da olsa, bu proses heç vaxt dayana bilməz. Mən özüm şimal bölgəsindənəm. 40-50 il əvvəl, uşaq vaxtlarımda məktəbə gedəndə 5-6 ay qış fəsli olardı, qalın kurtka ilə gəzirdik. Demək olar bütün qış yerdə qar örtüyü olardı. İndi həmin bölgədə il boyu 2-3 dəfə qar yağır, o da ki heç yerdə qalmır. Tez bir zamanda da əriyir. Deməyim odur ki, 50-60 il, bəlkə də 40 il sonra yenə də Yer kürəsi əvvəlki yerinə qayıdacaq və biz artıq soyuqlaşmanın şahidi olacağıq. Hər 12 və 24 ildən bir Yer kürəsinin atmosferində gedən proseslər dövr edib geri qayıdır. Hətta alimlər sübut edib ki, 12 ildən bir astma xəstəliyinə tutulmuş insanlar kütləvi şəkildə ölürlər. Eyni ilə də hansısa bir dövrdə təzyiq xəstələri, xərçəng xəstələri, ürək xəstəlikləri olan insanlar daha çox ölür. Bu da təsadüfi yox, insan orqanizminin atmosferdə baş verən təbii proseslərə uyğunlaşmasıdır. Bunun isə qarşısını hansısa bir ölkə təkbaşına ala bilməz. Təsəvvür edin, Avropada külək əsəndə 12 saata həmin külək Azərbaycana çatır. Bu külək də özüylə Orta Asiyanın tozunu, qumunu gətirir. Bu qum dənəcikləri də insanlarda allergiya, astma kimi xəstəliklər yaradır.
  Bu proses təbii qanunauyğunluq olduğu üçün qarşısını almaq da çətindir. Bəlkə bütün qlobal güclər birləşib ortaya tutarlı bir konvensiyalar qoysalar, hansısa yollarla insan orqanizminə, ətraf mühitə yan təsirlərini azaltmaq olar. Onu da etmək istəmirlər. Dediyim kimi, BMT, AB ara- sıra konfranslar keçirib, çıxış yolları axtarır, amma birlik olmadığı üçün nəticə də olmur”.