ABŞ Azərbaycan və Ermənistanın danışıqlar masasına qayıtmasını istəyir - Dövlət Departamenti

ABŞ Azərbaycan və Ermənistanın danışıqlar masasına qayıtmasını istəyir.

Trend-in çərşənbə günü verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinq zamanı deyib.

"ABŞ dövlət katibi Azərbaycan və Ermənistan liderləri ilə birbaşa müzakirələr aparıb. ABŞ-ın bir sıra rəsmiləri təkcə ötən həftə deyil, son aylar ərzində regiona səfər ediblər. Biz diplomatik səylərin davam etməsi üçün mümkün olan hər şeyi etdik. Biz əlimizdən gələni edə bilərik, lakin sonda onlar danışıb bir növ həll yoluna gəlmək üçün razılaşmalıdırlar. Biz bu prosesi asanlaşdırmaqda öz rolumuzu oynamağa davam etmək niyyətindəyik", - deyə o bildirib.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyunun 27-29-da Virciniya ştatının Arlinqton şəhərindəki Corc Şultz adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində ikitərəfli danışıqlar aparıblar.

Onlar Vaşinqtonda olarkən dövlət katibi Antoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşüblər.

Nazirlər və onların komandaları Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzərində işi davam etdiriblər.

Onlar əlavə maddələr üzrə razılığa gəliblər və saziş layihəsi üzrə qarşılıqlı anlaşma əldə ediblər, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin daha da inkişaf etdirilməsini tələb etdiyini etiraf ediblər.