Putin: Biz dəfələrlə ermənilərə təklif etmişdik ki, güzəştə getsinlər

"Sovetlər İttifaqının dağılmasından sonra azərbaycanlılarla ermənilər arasında etnik münaqişə başlandı. Əvvəl Sumqayıt şəhərində başlandı, sonra Qarabağa keçdi. Hər şey ona gətirib çıxardı ki, Ermənistan faktiki olaraq, Qarabağ (“qondarma respublika”-red.) yox, Ermənistan faktiki olaraq bütün Qarabağı və ona bitişik yeddi rayonu nəzarətə götürdü. Bu Azərbaycan Respublikasının ərazisinin 20 faizi idi".

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında bildirib.

"Bütün bunlar on illiklər boyu davam etdi. Deməliyəm ki, burada heç bir sirr açmıram. Biz dəfələrlə, son 15 il ərzində erməni dostlarımıza təklif etmişdik ki, güzəştə getsinlər. Hansı güzəştə: Azərbaycana Qarabağ ətrafındakı beş rayonu qaytarsınlar, iki rayonu özlərinə saxlasınlar və bu şəkildə Ermənistanla Qarabağ arasında ərazi təmasını saxlasınlar. Lakin bizim qarabağlı (erməni-red.) dostlarımız biz hər dəfə deyirdilər ki, yox, bu bizim üçün müəyyən təhdidlər yaradır. Biz isə deyirdik ki, qulaq asın, Azərbaycan böyüyür, iqtisadiyyat inkişaf edir, bu, neft-qaz çıxaran ölkədir. Əhalisi 10 milyondan çoxdur. Gəlin potensiallarınızı müqayisə edək. Nə qədər ki belə imkan var, gəlin güzəşt yolunu tapaq. Biz öz tərəfimizdən əmin idik ki, BMT TŞ çərçivəsində müvafiq həlli tapacağıq. Laçın dəhlizinin təhlükəsizliyini zəmanət veririk. Bu ərazilərdə yaşayan ermənilərin təhlükəsizliyinə zəmanət veririk. Bizə dedilər ki, yox, biz buna gedə bilmərik. Bəs onda nə edəcəksiz? Mübarizə aparacağıq, deyə cavab verdilər. Yekunda məsələ 2020-ci il silahlı toqquşmasına gətirib çıxardı. O zaman da mən dostlarımıza və həmkarlarımıza təklif etdim. Hansı məqamda razılıq əldə olundu ki, Azərbaycan qoşunları müharibəni dayandırır? Mən düzünü deyim ki, o zaman məsələnin həll olunduğunu düşündüm. İrəvana zəng elədim. Ermənistan tələb etdi ki, Azərbaycan tutduğu ərazilərdən geri çəkilsin. Mən onlara dedim ki, bir neçə gün sonra Azərbaycan Ağdam rayonundakı möhkəmləndirilmiş cəbhəni mühasirəyə alacaq və bununla hər şey bitəcək. Siz başa düşürsüz? Nə edəcəksiz? Cavab verdilər ki, vuruşacağıq. Hər şey alındığı kimi baş verdi. Yekunda biz Şuşadan sonra Azərbaycanla razılaşdıq ki, hərbi əməliyyatlar dayandırılsın. 2020-ci ilin müvafiq bəyanatı imzalandı. Bu bəyanat hərbi əməliyyatların dayandırılması və bizim sülhməramlılarımızın yeridilməsi haqqında idi", - deyə Putin qeyd edib.