İranda “əxlaq polisi”nin döydüyü qızın anası həbs edildi

Oktyabrın 2-də Tehranda məcburi hicab qaydalarını pozduğuna görə “əxlaq polisi” tərəfindən döyülən və komaya düşən 16 yaşlı Armita Qravəndin anası həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, Armitanın anası Şəhin Əhmədi qızının yanına buraxılmadığına etiraz etdiyi və məsələni ictimailəşdirdiyi üçün saxlanılıb.

Hökumətə müxalif təşkilatlar Tehran rejiminin ikinci Məhsa Əmini hadisəsini törətdiyini və yenidən kütləvi etiraz aksiyalarının başlayacağı ehtimalının yüksək olduğunu yazıblar.

Qeyd edək ki, vəziyyəti ağır olan gənc qız "Fəcr" xəstəxanasının reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşulub.

Xəstəxananı polis qüvvələri və mülki geyimli məmurlar mühasirəyə alib, media işçiləri və qızın ailə üzvləri xəstəxanaya buraxılmır.

Armita Qravəndin vəziyyəti barədə məlumat almaq üçün xəstəxanaya gedən “Şərq” qəzetinin jurnalisti Məryəm Lütfi də həbs edilib.