Borrel İranın XİN rəhbəri ilə Qəzzadakı vəziyyət barədə danışıb

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahianla telefon danışığı keçirib.
Trend xəbər verir ki, Aİ nümayəndəsi bu barədə özünün "X" hesabında məlumat paylaşıb.
"Abdullahianla Qəzza zolağı və İordan çayının qərb sahilindəki vəziyyət barədə danışdıq. Həll yolu yalnız iki dövlətə əsaslanan siyasi həll ola bilər. Münaqişənin istənilən regional yayılmasının qarşısını almalıyıq. İranı öz nüfuzundan istifadə etməyə və regionda vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq istiqamətində aktiv şəkildə çalışmağa çağırdım", - Borrel yazıb.
Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.