Robert Kennedinin seçilmək şansı çox azdır -Rəy 

ABŞ siyasətində erməni lobbisinə arxalanmaq, onun imkanlarından istifadə etmək həmişə olub


  ABŞ prezidentliyinə namizədliyini irəli sürdüyünü açıqlayan kiçik Robert Kennedi deyib ki, Vaşinqton ermənilərin özünümüdafiə, eləcə də, öz müqəddəratını təyinetmə hüququna regional dəstəyi səfərbər etməlidir. Onun sözlərinə görə, eyni zamanda “Artsax” ermənilərinin öz “ata-baba yurdlarına” təhlükəsiz qayıtmasını qorumalıdır. Kennedi iddia edib ki, Azərbaycan 2020-ci ildən Qarabağ ermənilərinə qarşı amansız etnik təmizləmə" aparıb, 120 min erməni əhalisini "deportasiya" edib: "Dünyanın diqqəti Qəzzaya və İsrailə yönəldiyi halda, “qədim erməni ərazilərindən” birinin bütün əhalisinin “kütləvi surətdə deportasiyası” barədə heç kim heç nə eşitmir. 1915-ci il “soyqırımından” fərqli olaraq, bu hadisə dayandırıla bilər. Bu vəziyyətdə dinc sanksiyalar kömək edə bilər. Biz həm də Türkiyə və Azərbaycan tərəfindən İrəvanın “blokadasını” aradan qaldırmağın yollarını axtarmalıyıq. Ermənistanın dənizə çıxışı yoxdur, onun qonşu ölkələrin limanlarına çıxışı olmalıdır”.   
  Kiçik Kennedi ABŞ prezidenti postuna seçiləcəyi təqdirdə Ermənistan və Qarabağın bərpasına “töhfə verəcəyinə” əmin edib: “Prezident kimi mən Ermənistanı yenidən qurmaq üçün diplomatiyadan, mənəvi nüfuzumuzdan, iqtisadi rıçaqlarımızdan və sanksiyalardan istifadə edəcəyəm. Mən Ermənistanın, “Artsax"ın suverenliyinin, onların ərazilərinin bərpasına kömək etmək istəyirəm. Haradasa yeni müharibəyə başlamaq əvəzinə, onlardan birini dayandırmaq istərdim”.
  
Politoloq Turab Rzayev "Sherg.az"a deyib ki, ümumiyyətlə, ABŞ siyasətində erməni lobbisinə arxalanmaq, onun imkanlarından istifadə etmək xüsusi əhəmiyyət kəsb edir. Ona görə də xüsusilə demokrat namizədlərin dilindən bu cür çıxışları görürük:
 "Yəni sırf erməni lobbisinin dəstəyini qazanmaq, erməni iş adamlarından yardım toplamaq, erməni seçicilərin səsini almaq üçün bu cür gedişlər edirlər. İndi biz Robert Kennedinin bu üsula baş vurduğunu görürük. Robert Kennedi digərlərindən bir neçə addım qabağa gedərək birbaşa Azərbaycanı "etnik təmizləmədə" ittiham edib, ermənilərin "tarixi vətən"lərinin qorunması ilə bağlı çıxışlar edib. Azərbaycana sanksiyalar tətbiq olunmasına çağırışlar edib. Aydın məsələdir ki, Azərbaycan dövləti bu cür məsələlərdə kifayət qədər ehtiyatlı mövqe nümayiş etdirir. Əgər hansısa şəkildə Kennedinin seçilmə şansı olarsa, o, siyasi reallıqlarla üzləşəcək. ABŞ-də namizədlər həmişə seçkilərdə söz verirlər ki, qondarma "erməni soyqırımı"nı tanıyacaqlar və daha sonra siyasətin reallıqları onları bundan çəkinməyə vadar edir". 

  Ekspertə görə, Azərbaycanın ABŞ ilə strateji, siyasi-iqtisadi əlaqələri, təhlükəsizlik sahəsində əməkdaşlıq məcbur edəcək ki, ABŞ Administrasiyası Azərbaycanla daha normal şəkildə əlaqələr qursun: 
"Əminəm ki, hətta Kennedi prezident seçilsə belə dediklərini edə bilməz. Ancaq burada bir xristian təəssübkeşliyi də var. Ən əsası isə erməni lobbisinin təzyiq imkanları, təsir gücünü göstərir. Robert Kennedinin seçilmə şansı isə çox azdır".