Politoloq: Türkiyə artıq dünyada gücdür

İsrail məcbur olub öz səfirini Ankaraya göndərəcək

  İsrail xarici işlər naziri Eli Kohen Türkiyədən geri çağırılmış səfirin geri qayıtmayacağını bildirib. Nazir qeyd edib ki, bir neçə ay əvvəl İsrail səfirinin Türkiyədən geri çağırılması ilə bağlı verdiyi qərarın doğru olduğuna inanır: "Bu, haqlı qərar idi. Ərdoğan Türkiyə prezidenti olduğu müddətdə İsrail səfiri bu ölkəyə qayıtmayacaq. Nöqtə". Qeyd edək ki, İsrail tərəfinin atəşkəs çağırışlarını qəbul etməməsi və mülki şəxslərə hücumlarını davam etdirməsi səbəbindən Türkiyənin Təl-Əvivdəki səfiri də Ankaraya çağırılıb. 
 
 Politoloq Əhəd Məmmədli "Sherg.az"a bildirib ki, İsrailin xarici işlər naziri başından böyük sözlər danışır. Analitikin sözlərinə görə, Qəzza əməliyyatı uğursuz olan İsrail rəsmiləri diqqəti başqa yerə yönəltməyə çalışırlar: 
"Bu gün İsrailin dövlət qurduğu ərazi yüz illər boyu türklərin, Osmanlının nəzarətində olub. Yəhudiləri Avropada qılıncdan keçirəndə onları xilas edən də türk donanması olub. İspaniyanın qorxusundan heç bir Avropa dövləti həmin dönəmlərdə yəhudiləri qəbul etməyib. Osmanlı yəhudiləri xilas edərək öz ərazisində məskunlaşdırdı. İsrailin dərdi başqadır. Onlar çox gözəl bilirlər ki, ən ciddi rəqibləri Türkiyədir və onları ancaq və ancaq Türkiyə durdura bilər. Ərdoğana olan kin-küdurətin səbəbi də budur. Türkiyəni gücləndirən Ərdoğan yəhudilərin gözündə bir nömrəli düşməndir. Gözləyirlər ki, Türkiyədə ABŞ-nin adamı hakimiyyətə gəlsin, o zaman səfirlərini Ankaraya göndərəcəklər. Amma Türkiyə heç vaxt əvvəlki zəif günlərinə geri dönməyəcək. İsrail də məcbur olub öz səfirini Ankaraya göndərəcək. Ümumən, Təl-Əviv dediyi çox sözü geri götürməyə məcbur ediləcək".