Ərdoğanın İraq səfəri: Məqsəd PKK-nın İraq qolunu bitirməkdir -ŞƏRH

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 22-də İraqa səfər planlaşdırır. 
Bu səfər Türkiyə dövlət başçısının 12 ildən sonra İraqa ilk səfəridir. Bəs bu səfərin keçirilməsində tərəflərin məqsədləri nələrdir? Səfərdə hansı mövzular müzakirə oluna bilər?

Politoloq Əhəd Məmmədli "Sherg.az"a açıqlamasında bildirib ki, Ərdoğanın bu səfərdəki əsas məqsədi İraqla birgə PKK-nın İraq qolunu bitirməkdir: 

"Türkiyə bu məqsədlə bir neçə dəfə İraq hökuməti ilə danışıqlar aparıb. Düşünürəm ki, baş tutacaq bu səfər, həm də tarixi hadisədir. İraq və Türkiyə arasındakı mədəni və siyasi əlaqələrin qədimə dayandığı bizə məlumdur. Osmanlı Türkiyəsi zamanında İraq Osmanlının vilayəti olub. İraq müstəqil olduqdan sonra da bu mədəni əlaqələr qırılmayıb. Səddam Hüseynin dövründə belə rəsmi Ankara və Bağdad münasibətləri davam edib. Səddam devrildikdən sonra İraq Amerika və İran tərəfindən yarım müstəmləkə halına gətirilib. Həmçinin Bərzani höküməti ölkənin bütün ərazisini nəzarət altına ala bilməyib. Görünür, İraq Türkiyə ilə yaxşı münasibətlər quraraq regionda kənar qüvvələrin güclənməsinin qarşısını almaq istəyir". 

Politoloq vurğulayıb ki, İraq həm siyasi, həm də strateji olaraq əhəmiyyətli yerdir:
" Görünür Türkiyənin İraqda güclənməsi onun nüfuzunu dünyada daha da artıracaq". 

Yusif Mamedov