Eynəkdən xilas olmaq istədi: Gözləri kor oldu

Uzağı yaxşı görən, amma yaxın məsafəni görə bilməyən insanlar çoxdur. Görmədəki bu pozğunluq yaş kateqoriyasına əsaslandıqda normal, digər məqamlarda isə anormal hesab olunur.  İnsanlar orta yaş həddinə çatdıqda və yaşlanmaya doğru görmədə uzaq-yaxın məsafə problemi yaşaya bilir. Gənc insanlarda bu problem görüldükdə isə oftalmoloqa müraciət etmək və gözün müalicəsi tövsiyə olunur. Bu kimi hallarda adətən insanlar eynəkdən istifadə edirlər. Oftalmologiyada uzağı görən, yaxın məsafəni isə görə bilməyənlərə hipermetrop  deyilir. Ankarada hipermetrop rahatsızlığı olan bir nəfər eynəkdən xilas olmaq üçün əməliyyat olunmaq qərarına gəlib.
 “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, vəkil işləyən 63 yaşlı Mustafa Alpar Ceylan özəl xəstəxanada sağ gözündən əməliyyat olunub. Eynəkdən xilas olmaq istəyən M.A.Ceylanın gözünə linza yerləşdirilib. Lakin əməliyyatdan sonra vəkilin gözü tutulub. Məlum olub ki, gözün arxa tərəfində iltihab əmələ gəlib. İltihabın aradan qaldırılması üçün əməliyyat olunub. 7 gün sonra gözü görmə qabiliyyətini tamamilə itirib. Onu başqa xəstəxanaya yönləndiriblər və daha 2 əməliyyat da keçirilib. Lakin gözü sağalmayıb. Müayinə olunan vəkilə gözünün torlu qişasının dağıldığı və artıq müalicənin mümkünsüz olduğu deyilib. Vəkil uzun müddət görə bilmədiyindən müvəkkillərinin müdafiəsinin də yarımçıq qaldığını, nüfuzuna ziyan dəydiyini əsas gətirərək, əməliyyat edən həkimləri məhkəməyə verib. Həkimlər isə “biz ona təminat verməmişdik. Baş verə biləcək gözlənilməz hadisəyə görə, o, əvvəlcədən razılıq sənədi imzalayıb” deyərək ittihamı qəbul etmirlər.