Ürəyi 17 ildə 150 dəfə dayanıb

“Bunu 3-4 saniyə əvvəldən hiss edirəm”
 
  "Brugada sindromu" adlanan ürək qüsuru nadir rast gəlinən xəstəlikdir. Türkiyədə yaşayan 37 yaşlı Alpər Ayaz da bu sindromun daşıyıcısıdır. "Brugada sindromu" – ürək döyüntülərinin ciddi ritm pozuntusuna yol açır, ürəyin anidən dayanmasına səbəb olur. Alpər Ayazın 17 ildə 150 dəfə ürəyi dayanıb. 
“Bunu öncədən hiss edirəm”, deyən A.Ayazın xəstəlik tarixçəsi haqqında “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir. Alpər Ayaz ilk dəfə 2007-ci ildə huşunu itirib, yıxılıb. Təcili yardım vasitəsilə xəstəxanaya aparılıb. Orada məlum olub ki, bu, 1000 nəfərdən 1, uzaqbaşı 2-də rastlanan “Brugada sindromu”dur.  Bu, ürək ritminin pozulmasına səbəb olan, insanın normal həyatını təhdid edən ciddi ürək qüsurudur. Xəstəlik genetikdir, ölümlə sonuclana bilər. Çarə olaraq həkimlər A.Ayazın ürəyinə ritmi bəpra edən, ürək döyüntülərinə nəzarət edəcək cihaz implant edilməsini məsləhət görüb. Hazırda ürəyin ritmini nəzarət altında saxlayan, lazım olduğu zaman – ürək döyüntüləri dayandıqda bu orqanda şok effekti yaradaraq onu çalışmağa məcbur edən xüsusi cihazlar var və bunlar əməliyyatla ürəyə “taxılır”. Bu cihazlara implant edilə bilən kardiyoverter Defibrilator (ICD) deyilir. Bir növ “stabilizator” kimi. A.Ayazın ürəyinə də bu növ cihaz taxılıb. Bu cihaz onu ölümdən xilas edir, amma əziyyət də verir. Çünki ürəyin ritmi pozulduqda cihaz işə düşən zaman bədəndə şok effekti yaradır. Bədən silkələnir, insan ağrı hiss edir. A.Ayaz da həmçinin: “Dəfələrlə olub ki, iş yerində, dostlarımla əyləşib söhbət edərkən, bəzən avtomobil sükanı arxasında ürəyimdə ritm pozuntusu meydana gəlib, həmin anda cihaz işə düşüb, elektroşok təsiri  yaşamışam. Bu, çox ağrı verir. Bəzən ürəyimin ritmi tez-tez pozulur, mən də tez-tez şok keçirirəm. O zaman özümü gücsüz hiss edirəm”. A.Ayaz bununla bağlı həkiminə müraciət edib. İstanbuldakı Koşuyolu Yüksək İxtisas Təhsil və Araşdırma Xəstəxanasının kardioloqu Sərdar Dəmir onu müayinə edib və ürəyin anormal ritminin aradan qaldırılmasına kömək edəcək ablasiya müalicəsi (kateter üsulu) təyin edib. Bundan sonra xəstənin ürək döyüntüləri normallaşıb. Kardioloq bildirib ki, ürək döyüntüsünün pozulması xüsusən, 27-40 yaş arası insanlarda həyatla vidalaşmaya səbəb olur. Ürəyə implant edilən cihazlar ağrı verdiyi üçün insanlar rahatsız olurlar. Ablasiya üsulu daha effktivdir. A.Ayaz da məhz ablasiya müalicəsindən sonra ağrılı günlərlə vidalaşdığını deyib.