Rusiya narahatdır: Kurskda xəndəklər qazır

Ukraynanın Kurskdakı əməliyyatları Rusiyanın müdafiə, logistika və təhlükəsizliyinə ciddi təsir göstərir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, Rusiya qüvvələrinin bölgədə cəbhə xəttini sabitləşdirmə cəhdləri davam etdiyi üçün Ukrayna qüvvələri Kursk bölgəsində az irəliləyiş əldə edib:

“Maxar” tərəfindən avqustun 12-də toplanmış peyk şəkillərində Lqovdan cənub-qərbdə, E38 Lqov-Rılsk-Qluxov magistralı boyunca tank əleyhinə xəndəklər daxil olmaqla, yeni qazılmış istehkamlar görüntülənib. Avqustun 13-də yayımlanan əlavə peyk görüntüləri Lqovdan cənubda 38K-024 magistralı yaxınlığında istehkamların qazıldığını təsdiqləyir.

Bu yeni istehkamlar Ukraynanın Kursk bölgəsindəki qüvvələrindən təxminən 17 kilometr şimalda yerləşir. Bu da onu göstərir ki, Rusiya Ukraynanın Kurska davamlı və sürətlə mexanikləşdirilmiş irəliləyişindən narahatdır”, - hesabatda qeyd olunub.

İnstitutun analitikləri qeyd ediblər ki, Rusiya qüvvələri əsas magistral yollardan narahatdır və xüsusən də E38 və 38K magistralları boyunca Ukraynanın manevrlərinin qarşısını almaq üçün kritik quru rabitə xətlərini qorumaqla bağlı ehtiyat tədbirləri görməyə çalışır.