Fransa qüdrətinin səriştəsiz siyasətçisi: Makron yaxında istefa vermək məcburiyyətində qalacaq

Makron hakimiyyəti Azərbaycanla "müharibədə" uduzdu

Fransada hökümətin istefaya göndərilməsi, böhranın dərinləşməsi və ən əsası Makron hakimiyyəti vəziyyəti gərginləşdirir. Ölkədəki iqtisadi vəziyyətin gündən-günə mənfiyə doğru getməsi insanların etirazını artırır. Eyni zamanda müxalifət partiyaları onu xalqın sosial maraqlarını nəzərə almamaqda ittiham edirlər. Digər tərəfdən Avropa Parlamentinə seçkilərdə məğlubiyyətlə barışmayan Makron növbədənkənar seçkilər keçirdi. Fransa Milli Assambleyasına növbədənkənar seçkilərdə də “Yeni Xalq Cəbhəsi" partiyası qalib gəldi. Buna baxmayaraq, Emmanuel Makron hakimiyyətdə qalmağa davam edir.
Son olaraq Fransada Mişel Barnier hökumətinə etimadsızlıq haqqında qətnamənin qəbulundan sonra Parlament istefaya göndərildi.

Politoloq Elşad Həsənov "Sherg.az"a söyləyib ki, Fransa Parlamentinin höküməti istefaya göndərməsi gözlənilən idi:

"Çünki Makron siyasəti özünü doğrultmur. İkinci dəfə Prezident seçiləndən sonra beynəlxalq arenada bir çox qanuna zidd hərəkətlər edir. Xüsusilə də Azərbaycana qarşı onun apardığı siyasət və Bakının ona adekvat cavabı Fransa üçün mənfi rəy yaratdı. Fransada Makron hakimiyyəti Azərbaycanla "müharibədə" uduzdu. Buna səbəb Azərbaycanın apardığı çox doğru siyasət oldu. Keçən ilin dekabrında Fransanın iki kəşfiyyatçı diplomatı Azərbaycanda ifşa və həbs olundular. Daha sonra Azərbaycandan çıxarıldılar. Fransanın Xarici xüsusi xidmət orqanlarının rəhbəri istefaya getdi. Ardınca da Fransanın Baş Naziri istefa verməyə məcbur oldu. Halbuki həmin vaxt elə Makron özü də istefa verməli idi. Buna görə də  Avropa Parlamentində onun partiyası uduzandan sonra erkən seçkilər keçirməyə məcbur oldu. Bu seçkilərdə də Makron çoxluq səs qazana bilmədi. "Yeni Xalq Cəbhəsi" partiyasının nümayəndəsi Baş Nazir seçilməli idi, amma Emanuel bunu da etmədi. Ona görə də Makron haqqında impiçment məsələsi qaldırıldı. Lakin bu da qəbul olunmadı".

Politoloqun fikrincə, hazırda əhalinin əksəriyyəti Makronun siyasətini dəstəkləmir:
"Bu gün də, Barnier və onun komandası istefaya gedəndən sonra Makronun istefasını tələb edirlər. Buna baxmayaraq o bunu etməyəcəyini söyləyir. Digər tərəfdən müxalif partiyasının sədri Le Pen bu məsələni qaldırmayıb. Lakin yaxın zamanlarda Makronun istefa vermək məcburiyyətində qalacaq. Çünki artıq Fransa xalqı onu dəstəkləmir. Eyni zamanda Fransanın şəhərlərində etirazlar, mitinqlər yaranır. Həmçinin Makronun beynəlxalq arenada da nüfuzu həddən artıq aşağı düşüb. Heç bir məsələni həll edə bilmir. Bundan başqa Rusiya-Ukrayna müharibəsində danışıqlar aparmaq istəsə də, alınmadı. Sonra həmin danışıqlara Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nail oldu. Yəni böyük Fransa qüdrətinin belə səriştəsiz və qeyri-obyektiv siyasət yürütməsi bu dövlətə başucalığı gətirmir. Yaxın zamanlarda Makronun hakimiyyətdə qalmaması üçün impiçment məsələsinin yenidən gündəmə gələcək. Çünki, o Fransa konstitusiyasının 68-ci maddəsini yerinə yetirmədi. Yəni səs çoxluğu olan partiyadan Baş Nazir seçilməli idi. Ancaq Makron bunu etmədi".