“Mənim kimi birisinə o sualı vermək yersiz idi. Mən pul xərcləyən, onu bölüşdürən deyiləm. Ona görə də dediklərimdən peşman deyiləm”.
Bunu AYB sədrinin müavini, Xalq yazıçısı Çingiz Abdullayev ona sual verən jurnalistləri təhqir etməsi faktına münasibət bildirərkən deyib.
Ç.Abdullayev əlavə edib ki, sözünün üstündə dayanır: “Bəli, o sualı verən jurnalist utanmalı idi. Mən sözümün üstündə dayanıram”.
Xatırladaq ki, "Baku TV" əməkdaşının AYB-nin qurultayı üçün ayrılan 200 min manatın necə xərclənməsinə dair sualı Xalq yazıçısını özündən çxıarıb. O, həmkarımızı təhqir edib. Ç.Abdullayev jurnalistə “Niyə ölmürsən, utanmırsan” deyə cavab verib. Xalq yazıçısının bu açıqlaması sosial şəbəkə və mediada haqlı tənqidlərə yol açıb.
Məsələyə münasibət bildirən şair Qəşəm Nəcəfzadə "Sherg.az"a bildirib ki, keçmiş və gələcək zamana görə, həm jurnalist, həm də Çingiz Abdullayev haqlıdırlar:
"Dünən işlərin çox olması ilə bağlı gərginlik var idi. Jurnalistlər isə çox sual verirdilər. Çingiz müəllim də dəhşətli dərəcədə yorulmuşdu. Ola bilsin ki, onun əsəbi vaxtına düşüb. Doğrudur media haqqında qanunda hər bir jurnalistin informasiya almaq hüququ var və hər birimizin onların sualına cavab vermək borcumuzdur. Lakin ümumi baxdıqda heç jurnalistin verdiyi sual da alqışa layiq deyil. Çünki ayaqüstü, maliyyə məsələsi ilə bağlı sual vermək etik davranışa ziddir. Əgər həmin jurnalist, Çingiz müəllimlə bir masa arxasında oturub müsahibə alsaydı, daha yaxşı olardı".