"Qanun"un 1-2 manatlıq kampaniyasının effekti çox müsbətdir
"Qanun" Nəşrlər Evi "endirimli kitab" kampaniyasını davam etdirir. İndiyədək bir neçə dəfə təşkil olunmuş kampaniyada 1, 2 manata minlərlə kitab satışa çıxarılıb. Kitabsevərlər bu fürsətlərdən daim yararlanıblar. "Qanun" Nəşrlər Evi oxuculardan gələn çoxsaylı təklifləri nəzərə alaraq, nəşriyyatın iş saatını axşam saat 8-ə kimi uzadıb.
Kampaniya barədə "Şərq"ə danışan "Qanun" Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu deyib ki, endirim kampaniyasına düşən kitabların siyahısı daim yenilənir. Naşir bildirib ki, 1-2 manatlıq kampaniyanın effekti çox müsbətdir:
"Kitab həvəskarları bu endirimdən yararlanırlar. Xeyli vaxtdır qalmış kitabları da endirimə salmışıq ki, onların da alışın da canlanma olsun. Bəzi hallarda çox yaxşı kitabları sırf qiymətin baha olmasına görə almırlar. Maraq az olur. Amma belə endirimlər olanda həmin kitablar da satılır və onlara maraq yaranır. O baxımdan belə kampaniyalar oxucular üçün faydalıdır ki, onlar ucuz qiymətə kitablar əldə edirlər. 50 qəpiyə, 1 manata kitablar alırlar. Həm də nəşriyyatın özü üçün də hərəkətlilik olur. Kampaniyamızın 2-ci günüdür və 10 gün davam edəcək".
Ş.Xuduoğlu kitab satışı ilə bağlı təkliflərə, xüsusən "endirim kampaniyaları rayonlarda keçirilsin" çağırışına münasibət bildirib:
"Oxuculardan gələn təklifləri dəyərləndiririk. Məsələn, iş saatının uzadılmasını nəzərə aldıq və nəşriyyatı axşam saat 8-ə kimi açıq saxladıq. Amma nəşriyyatın rayonlara getməsi, orada kitab satışı təşkil etməsi çox baha başa gəlir. Məsələn, ötən il Gəncəyə getdik və 800 manat ziyanla gəldik. Baxmayaraq ki, xeyli kitab da satmışdıq, amma ziyan çox oldu. Oteldə qalmaq, yemək-içmək, yol məsrəfi və s. bunların hamısına pul gedir. Əgər yerlərdə bunu təşkil edənlər olarsa, maddi tərəfini qarşılayarsa, biz rayonlarda da kitab satışını həyata keçirərik".