"Türk dünyası gəncləri- Nizami Gəncəvi dühası" kitabının təqdimat mərasimi keçirilib - FOTO

3 dekabr 2022-ci il tarixində Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən "Nizami Gəncəvi dühası Türk dünyası gənclərinin gözü ilə" layihəsi çərçivəsində çap olunmuş  "Türk dünyası gəncləri- Nizami Gəncəvi dühası" kitabının və eyniadlı sosial çarxın təqdimatı baş tutub. 


"Sherg.az" xəbər verir ki, tədbirdə bir sıra tanınmış ictimayyət nümayəndələri, yazarlar, KİV təmsilçələri və.s iştirak edib. 
Azərbaycan və qardaş ölkə Türkiyənin himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, layihə rəhbəri şair-publisist İntiqam Yaşar açıq elan edib.  İntiqam Yaşar iştirakçılara kitab haqqında  məlumat verib. O, Nizami irsini Türk dövlətlərinin ortaq dəyəri adlandırıb və qeyd edib ki, sözügedən layihə çərçivəsində qardaş ölkə gəncliyinin nümayəndələrinin bir-biri ilə əməkdaşlıq münasibətləri bir az da genişlənmiş olub.

Tədbirdə millət vəkili Cavanşir Feyziyev, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti şair-publisist Əkbər Qoşalı, yazıçı Kənan Hacı, şair publisist Fərid Hüseyn, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədli, Çuvaşistan-Azərbaycan dostluq cəmiyyətinin sədri Aqil Əliyev, Şərqşünas -yazıçı Əli Rzazadə, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" Birliyinin sədri Arzu Bağırova və başqaları çıxış ediblər.

Tədbirdə iştirak edən Millət vəkili Cavanşir Feyziyev Nizami Gəncəvi haqqında nəşr olunan haqqında danışdığımız kitabın Türk dövlətləri gəncliyini bir-birinə yaxınlaşdırmaq məqsədini yüksək qiymətləndirib. Cavanşir Feyziyevin sözlərinə görə Nizami Gəncəvi təkcə şair deyil həm də Azərbaycan xalqının milli-mədəni varlığının təsviridir. N. Gəncəvi dünya ədəbiyyat tarixinin konteksti çərçivəsində mirasdır. O, Nizami irsini qorumaq və onu daha geniş kütlələrə ötürmək istəyini həyata keçirdiyi üçün Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşara təşəkkürünü bildirib. Və layihədə iştirak edən bütün yazarları təbrik edib. 
  Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı isə Nizami Gəncəvini özündən əvvəlki və sonrakı ədəbiyyatı şəkilləndirən qala bürcü adlandırdıb.Həmçinin N. Gəncəvi irsinə uzun illər boyunca arzuolunmaz qonşular tərəfindən necə göz dikildiyini, necə özününküləşdirməyə cəhd edilməsindən danışıb. O vurğulayıb ki, belə bir dövrdə Nizami irsinə yenidən qayıtmaq məqsədi olduqca zəruri idi.

Kitab təqdimatında iştirak edən Filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva "Xosrov və Şirin" əsərinin ermənilər tərəfindən mənimsənilməsi, Şirinin milli kimliyinə qarşı olunan  iddialara toxunub:  "Tarixdə ərmən, ərmənzəmin olan yeri təəssüf ki, Ermənistan kimi adlandırıblar. Əslində Nizami oranı bir ucu Muğan bir ucu Arxaz mərkəzi Bərdə olan bir dövlət kimi göstərib. Şirinin kimliyi bütün dillərdəki  əsərlərdə mübahisə doğurub. Onun erməni kimi tanıdılması cəhdi sonrakı dönəmin söyləntiləridir. Lakin bu, həqiqəti əks etdirmir".

Yazıçı Kənan Hacı Nizami irsinin tanıdılması üçün önəmli olan layihənin ərsəyə gəlməsində əməyi keçənlərə öz minnətdarlığını bildirib. O, söyləyib ki, Dünya Gənc Türk Yazarlar Birliyi fəaliyyəti boyunca əhəmiyyətli işlərə imza atıb.

Şair-publisist Fərid Hüseyn Nizaminin Azərbaycan şairi olmasına aid dəlilləri izah edib: "Nizami əsərlərində nəyi qabardıbsa xalq onun ardınca gedir. Onun bütün əsərləri Azərbaycan folkloruna uyğundur və onlarda Azərbaycan ideologiyaları var".
Çıxış edənlərdən filologiya elmləri üzrə fəlsəfə doktoru Nəzakət Məmmədli, şərqşünas-yazıçı Əli Rzazadə və digərləri kitabın məziyyətləri, önəmi haqda fikirlərini bölüşdülər. 

Kitabla eyni adı daşıyan çarx şeirsevərlərə təqdim olundu. Çarxda Türk dövlətlərindən olan ədəbiyyat nümayəndələri Nizami Gəncəvinin  şeirlərini öz türkcələrində səsləndiriblər. 

Bundan əlavə  kitabda yer alan müəlliflər, tərcüməçilər və çarxda şeir qiraət edənlər diplomla təltif olundu. Eyni zamanda iştirakçılara "Türk dünyası gəncləri-Nizami Gəncəvi dühası" kitabı hədiyyə edildi. 
 Təqdimatın sonunda iştirakçılar tədbirə qatıldıqları üçün məmnunluqlarını ifadə etdilər. Nizami Gəncəviyə həsr olunan bu tədbir olduqca önəmli və  faydalı adlandırıldı.




Ayşən Rəhim