"Futbolun mahiyyətində bambılılıq var. Ortaya düşüb oynayırsan. Fiziki hərəkət dahilik sayılmamalıdır. Futbolçu Pelenin ayağına heykəl qoyurlar. Maradona kilsəsi (red. futbolçu Dieqo Armando Maradona) yaradıblar, gedib ibadət edirlər. Görün, insanlar ağlını necə itirib?!".
"Sherg.az" xəbər verir ki, bunu "AStar" yutub kanalının qonağı olan yazıçı Şərif Ağayar deyib.
O bildirib ki, bəlkə də, sadəcə Maradonanın dönəmində futbolda müqəddəslik var idi. İndi isə futbol mafialaşmış idman növüdür:
"Hesablar belə şübhə altındadır. Futbol bəşəriyyətdən oğurlanan pulların ətrafında hərlənən industriyadır.
Bu gün yazıçı Milan Kunderanı tanımayan insanların Lionel Messini tanrıya çevirməsinin adı axmaqlıqdır. Futbol mədəniyyət deyil, kütləvi psixozdur.
Dahilik beyin və ruh məsələsidir. Məsələn, Mirzə Fətəli Axundov dahi hesab edilə bilər. O maarifçiliyi təbliğ etdi, pyeslər yazdı. Biz onun epoxasında yaşayırq.
Üzeyir Hacıbəyov da klassik, simfonik musiqi ənənələrini gətirdiyinə görə dahidir. Hansısa futbolçu, boksyor necə dahi ola bilər?!".