Şair, qəzəlxan, tədqiqatçı, şeirşünas, Azərbaycan Yazıçılar Birliyinin Xəzər (Bakı) bölməsinin sədri Arif Buzovnalı Azərbaycan ədəbiyyatı, söz, fikir və qəzəl meydanı üçün əzizdir, dəyərlidir. Yaradıcılığını yaxından izləyənlər Arif Buzovnalının Azərbaycan ədəbiyyatına, qəzəl janrına nə qədər bağlı olduğunu bilirlər və yaşadılması üçün göstərdiyi səmimi fədakarlıqlarını yüksək qiymətləndirirlər.
Onun yaradıcılığı insanı yormur. Əksinə insanı özünə bağlayır və düşündürür. Mən deyərdim ki, yaradıcılığı nəinki Azərbaycanda, həmçinin türk-müsəlman dövlətlərində də izlənilir və sevilir. Şeirləri xarici dillərə tərcümə edilib və müxtəlif ölkələrin mətbuatında çap olunub. Beynəlxalq tədbirdən kənarda qalmır. Yaradıcılığını beynəlxalq ədəbi tədbirlərə daşıyır. Azərbaycan, Türkiyə, İran, Ukrayna, Rusiyada keçirilmiş bir çox elmi və ədəbi konfranslarda iştirak edib, müxtəlif diplom və mükafatlara layiq görülüb.
Onunla tanışlığımız və səmimi ünsiyyətimiz virtualdan başlayıb. Haradasa 20 il öncə internetdə sosial şəbəkələrin mövcud olmadığı bir vaxtda “paltak” deyilən virtual otaqlar göstərirdi. Bizim ortaq dostumuz mərhum Yavər Hüseynbəyli “Bakı-Təbriz –Ankara” “paltak otağı” nın moderatoru idi. Həmin vaxtlarda Arif bəy otaqda fəal idi və ədəbiyyat mövzusunda maraqlı çıxışlar edirdi. Dünyanın hər bir yerində yaşayan, ürəyi vətənlə döyünən tanınmış şəxslər virtual tədbirlərə qatılırdılar və onun çıxışlarını diqqətlə dinləyirdilər. Ədəbi, bədii mövzularda bir-birindən maraqlı müzakirələr aparılırdı. Qəzəl, divan ədəbiyyatı ilə bağlı elmi-akademik səviyyədə çıxışlar edirdi. Müzakirələrdə ona ünvanlanan sualları səbrlə cavablandırırdı. Bu, Arif Buzovnalının ədəbiyyata nə qədər bağlı olduğunu göstərirdi.
Sonradan virtual münasibətimiz real həyata keçdi. Bir neçə dəfə ədəbi məclislərdə bir yerdə olduq. Onun mədəniyyət, ədəbiyyat camiəsində böyük hörmətə malik olduğunun şahidi oldum. Arif Buzovnalı şəxsiyyəti, mənliyi olan ziyalıdır.
Onun yaradıcılığından danışarkən Vətənə olan sevgisindən yazmamaq mümkün deyil. “Ey Vətən” qəzəlində belə deyir:
Düzlərində gördüyüm al lalələrdir bir zaman,
İndi bu sinəmdəki həsrətli dağlar, ey Vətən!
Ölsə də düşmanə təslim etməyib öz yurdunu,
Qanlı torpağın şəhid canlar qucaqlar, ey Vətən!
Mən sənin uğrunda canından keçən bir əsgərəm,
Varlığın yalnız məni dünyaya bağlar, ey Vətən!
Arifəm, ey kaş görüm azad səni, xürrəm səni,
Var ola Amin deyən dillər, dodaqlar, ey Vətən!
Arif Buzovnalı söz, ədəbiyyat səngərinin insanı olmaqla yanaşı, 90-ci illərdə Vətənin ən ağır və çətin vaxtlarında əlində silah Ermənistanın işğalçılıq siyasətinə qarşı mübarizə aparıb. Tərcümeyi-halında diqqətimi bir məqam çəkdi. O, 1993-cü ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olsa da, təhsilinə başlamadan könüllü olaraq Qarabağ cəbhəsinə gedib və atəşkəsə qədər (1994-cü il 1 may) Əzizbəyov adına Könüllülər Batalyonunda döyüşüb. Bu onun Vətənə nə qədər bağlı olduğunu bir daha təsdiqləyir.
Arif bəyi 50 yaşının tamam olması münasibətilə təbrik edirəm. Vətən Arif Buzovnalı kimi şəxsiyyətlərlə güclü olur.
Elnur Eltürk
Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert