“Ermənistanda şeirlərimin çap olunması mənim üçün gözlənilməz və arzuolunmaz idi”.
Bu sözləri İctimai televiziyanın efirində yayımlanan “3D” verilişində qonaq olan şair Aqşin Yenisey deyib.
Verilişin şərti aparıcı Dadaş Dadaşlinskinin suallarını cavablandıran şair hesab edir ki, müəllifinin xəbəri olmadan onun şeirlərini tərcümə və çap etməyin, hətta antologiyaya salmağın özü dünyəvi dəyərlərə hörmətsizlikdir: “Deyilənə görə, erməni yazarları, bizim şeirlərimizi öz dillərinə tərcümə edərək antalogiya halında çap edib etdirib. Bəlkə də heç yazarlar deyil, qeyri hökumət təşkilatları özlərini Avropaya sülhpərvər göstərmək üçün belə bir addım atıblar. Sözün açığı məqsədləri nə olub bilmirəm. Ancaq bu barədə bir yazı ilə erməni cəmiyyətinə müraciət etməyi düşünürəm. Mənim şeirlərimi əgər erməni müəlliflər özümə demədən internetdən götürüb çap ediblərsə, bu etik deyil. Ən azı bu gün Azərbaycanla Ermənistan arasındakı mədəni əlaqələri o səviyyədə deyil. Biz orduları sərhəddə üz- üzə dayanan iki düşmən ölkəyik. Mən heç bilmirəm ermənilər hansı şeirimi çap edib, tərcüməçiləri misralarımın başına nə cür oyun açıblar!? Bəlkə də o şeirlərimi elə formada tərcümə ediblər ki, növbəti nəsil məni söyəcək ki, döyüşlərin getdiyi, əsgərlərimizin şəhid olduğunu bir vaxtda siz görün nələr yazmısınız!? Axı o antalogiya bir gün Qarabağda ermənilər tərəfindən yaxınları qətlə yetirilən azərbaycanlıların əlinə keçsə onların ittihamlarına kim cavab verəcək?
Müəllif olaraq mənim nə o şeirdən, nə də orada çap olunacağından xəbərim olub. Həmin antalogiyanı Azərbaycana gətirməyin hüquqi yollarını bilmirəm. Amma bu antalogiyaya görə gələcəyimizin təhlükə altına düşəcəyindən ehtiyat edirəm. Bir yazıçı olaraq xalqımın qüsurlarını, problemlərini şeirlərimdə, yazılarımda ifadə etmək mənim borcumdur. Məqsədim isə həmin problemlərə diqqət çəkmək və həllinə nail olmaqdır. Ancaq mən indi bilmirəm ermənilər hansı şeirimi, nə məqsədlə o antalogiyada çap ediblər”.
Şəymən