Şahbaz Xuduoğlu 30 ikitərəfli memorandum imzalayıb
“Razılaşmaya görə, 15 kitab bizim dildən tamilcəyə, 15 kitab isə tamilcədən bizim dilə tərcümə edilməlidir”
“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu Hindistanın Chennai Beynəlxalq Kitab Sərgisində iştirak edib. Sərgi ilə bağlı təəssüratlarını “Şərq”lə bölüşən naşir sərgiyə Hindistan dövləti tərəfindən dəvət olunduğunu və bütün gediş-gəliş xərclərinin də məhz onlar tərəfindən ödəndiyini vurğulayıb:
“Hindistanın cənubunda yerləşən Chennai Tamul Nadu əyalətinin mərkəzidir. Buradakı əhali hind yox, tamil dilində danışır. Fərqli mədəniyyətə sahib olan bu əyalətdə demək olar ki hər il bu cür sərgilər keçirilir. Beynəlxalq Kitab Sərgisinin məhz Chennaidə keçirilməsinin məqsədi tamil dilli ədəbiyyatın beynəlxalq status almasına nail olmaqdır. Sərgidə 30 ölkənin ədəbiyyat nümayəndələri iştirak edirdi. Azərbaycanı isə mən təmsil edirdim. Kifayət qədər böyük sərgi idi. Bu cür sərgilər adətən bir həftə, 10 gün davam edir. Sərginin bir milyon yarım ziyarətçisi vardı. Dövlət tərəfindən təşkil olunduğu üçün orada iştirak edən nəşriyyatlar pul ödəmir. Hər bir nəşriyyatın istədiyi qədər yer götürüb stend qoymaq haqqı var. Chennai Beynəlxalq Kitab Sərgisi həm də el şənliyi əhval-ruhiyyəsində bir mərasimdir”.
Azərbaycanın təmsilçisi olaraq sərgi çərçivəsində bir sıra görüşlər keçirdiyini vurğulayan Ş.Xuduoğlu görüşdə 30 ikitərəfli memorandum imzalayıb:
“Razılaşmaya görə, 15 kitab bizim dildən tamilcəyə, 15 kitab isə tamilcədən bizim dilə tərcümə edilməlidir. İmzalanan memorandumlar sərginin Xüsusi Komitəsi tərəfindən dəyərləndiriləndən sonra tamilcə nəşrinə dəstək veriləcəkdir. İmza mərasiminə Tamil Nadunun Baş naziri M.K.Stalin də qatılıb, xeyir-dua verdi”.
Beynəlxalq kitab sərgilərinin əhəmiyyətindən söz açan naşir Chennaidə keçirilən sərginin böyük bir zövqlə təşkil olunduğunu deyib: “Bir tərəfdə beynəlxalq sərgi üçün nəzərdə tutulan kitab stendləri, digər tərəfdə isə nəşriyyatlar öz kitablarını satırdılar. Ortadakı böyük səhnədə isə yerli yazarlar öz əsərlərini oxuyurlar. Kifayət qədər də dinləyici sayı vardı. Düzü, bu mənim üçün heyranedici bir mənzərə idi. Arzu edərdim ki, Azərbaycanda da bu cür kitab sərgiləri təşkil edilsin”.
Ş.Xuduoğlu həmçinin sərgiyə apardığı əsərlərin bəzilərinin tam ingiliscə, bəzilərinin isə xülasə halında olduğunu əlavə edib: “Təqdim etdiyim müəlliflər arasında Kamal Abdulla, Çingiz Abdullayev, İlkin Rüstəmzadə, Rəşad Səfər, Şamxal Həsənov, Pərviz, Şərif Ağayar, Rasim Qaraca, Məqsəd Nur, Seymur Baycanın da əsərləri var. Konkret olaraq hansı əsərlərin tamil dilinə çevrilib çap olunmasına gəldikdə isə bu, oradakı nəşriyyatların seçimi olacaq. Sərgiyə apardığım kitabların hamısı “Qanun”un nəşrləridir”.
Sərgidə hansı müəllifin daha çox diqqət çəkməsinə gəldikdə isə Ş.Xuduoğlu deyib ki, əslinə qalsa, yerli əhali bizim kitablarda nədən bəhs etdiyini anlamır. Ona görə də konkret filan müəllifin kitablarına maraq göstərdilər demək çətindir. Amma mən əlimdən gəldiyi qədər apardığım kitabları, heç olmasa, nəşriyyatlara verməyə çalışdım”.