"Fevralın 9-da Şamaxıda "Sabah qrupları"nın məzunları ilə "Qloballaşma, Müasir gənclik və Milli ədəbiyyat" mövzusunda müzakirələrimiz oldu. Etiraf edim ki, Təhsil və Elm nazirliyinin belə qruplar yaratdığından xəbərim yox idi. İlk dəfə idi ki, mövcud təhsil bazası əsasında yaradılmış və tərəddüd etmədən təhsilimizin "Xüsusi təyinatlıları" deyə biləcəyimiz gənclərlə tanış olurdum".
Bunu yazıçı Aqşin Yenisey öz Feysbuk profilində qeyd edib. O bildirib:
"Məni ən çox sevindirən tələbələrin müəllimlərindən daha açıq və daha azad fikirli olduğunu görməyim oldu.
Bizə bu gün bilginin gücünə özünü, ailəsini, müəllimini, cəmiyyətini aşa bilən gənclər lazımdır. Çünki bilgi olmayanda onun yerini eqoizm doldurur.
Yəqin tədbirin digər qonağı yazıçı Məqsəd Nur da mənimlə razılaşacaq ki, "Sabah" tələbələrinin simasında biz Şamaxıda, dizə qədər qarın altında ölkənin sabahı ilə qarşılaşdıq və qürur duyduq".
Şərqiyyə NƏBİ