Müsahibimi təsadüfən tanımışam. Onun Vətən müharibəsinin iki qəhrəmanının xatirəsinə həsr olunmuş kitablarını sosial şəbəkədə gördüm. Həmin anlarda 44 günlük savaş və ondan sonrakı dövrdəki gərgin iş rejimimizi xatırladım. Savaşın xronikası bir neçə dəqiqəlik lent kimi gözümün önündən keçdi. Düşündüm ki, mütləq müəlliflə həmsöhbət olmaq, onun təşəbbüsləri barədə müsahibə hazırlamaq lazımdır.
Beləlikə, müsahibəni təqdim edirik:
-"Mənim qəhrəmanım" və "Atama məktub" kitablarını yazmağı necə qərara aldız?
-Əslində məndə yazarlığa həvəs erkən yaşlarından baş qaldırıb. Orta məktəbdə oxuduğum illərdə hekayələr yazırdım. O zamanlardan qarşıma hədəf qoymuşdum ki, ali məktəbə daxil olandan sonra kitab yazacam.
-Niyə məhz ali məktəbə qəbul olandan sonra?
-Çünki orta məktəbdə oxuyanda asudə vaxtım az olurdu, universitetə hazırlaşırdım. Bilirdim ki, bu, asan iş deyil, insanın enerjisini alır. İlk kitabımı yazandan sonra qənaətimdə yanılmadığımı anladım(gülür). Vətən müharibəsi davam edən vaxt, 2020-ci il oktyabrın 7-də qonşumuz polkovnik – leytenant Rəşad Quliyev qəhrəmancasına şəhid oldu. Başa düşürdüm ki, bu itki ailəsi üçün ağırdır. Onlara dəstək olmaq üçün şəhidimiz haqqında kitab yazmağı təklif etdim. Əsas məqsədim polkovnikin xatirəsini əbədiləşdirmək, onu ictimaiyyətə daha çox tanıtmaq idi. Həm də ailəsinə təsəlli vermək istəyirdim. Beləcə, Rəşad Quliyevin ailə üzvlərinin də razılığı ilə onun haqqında kitabı yazmağı başladım. “Mənim qəhrəmanım” təqdimatında İkinci Qarabağ savaşında şəhid olan başqa bir qəhrəmanımız- polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev də iştirak etdi. Onun çıxışı zamanı dediyi “Atam mayın 8-də, Şuşanın işğal günü anadan olmuşdu, ona görə də heç zaman doğum gününü qeyd etməzdi” sözləri məni düşündürdü. Həmin an qərar verdim ki, mütləq İlqar Mirzəyev barəsində də kitab yazacam. Yeri gəlmişkən, hərb sahəsinə uşaqlıqdan həvəsim var, Silahlı Qüvvələrimizin nümayəndələrinə həmişə xüsusi rəğbət bəsləmişəm. Görünür, "Mənim qəhrəmanım" və "Atama məktub"unun ərsəyə gəlməsində bu amilin də rolu olub.
-Kitablarınızla tanış oldum, belə emosional yüklü əsərlər ortaya qoymaq ciddi psixoloji hazırlıq tələb edir. Kitabları yazanda hansı emosional halları yaşadız?
-İlk kitabı yazandan sonra müəyyən psixoloji gərginiklər yaşadım. İkinci kitabdan sonra isə özümdə təxminən iki ay “tükənmişlik” sindromunu hiss etdim. Hələ də tam keçməyib. Çünki bu iş sizin dediyiniz kimi, doğrudan da, ciddi psixoloji hazırlıq tələb edir. Bəzən məni tənqid edirlər. Deyirlər ki, nüfuz üçün yazıram. Düşünürəm ki, bu fikirdə olanlar mənim kitabları yazarkən çəkdiyim çətinliklərdən xəbərsizdirlər. Mən respondentlərimi dinlədikdən sonra dəfələrlə ağlamışam, qəribə hisslər keçirmişəm...
-Sizə kimlər dəstək verdi?
-Maddi dəstəyi atam verib. “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xudoğlu da müəyyən endirimlər edib. Buna görə ona minnətdaram. Yeri gəlmişkən deyim ki, kitabları kommersiya məqsədilə yazmamışam. Yəni heç bir gəlir əldə etmirəm. Yeganə məqsədim şəhidlərimizin xatirəsini yaşatmaqdır. Mənəvi dəstəyi isə yenə də ailəmdən almışam. Həm anamın, həm də atamın qarşısında mənə verdikləri dəstəyə görə minnətdaram. Hər şey onların zəhməti sayəsində mümkün olub.
-İlqar Mirzəyevin yaxınları, o cümlədən övladları ilə xeyli söhbət etmisiz. Həmin müzakirələr zamanı həmsöhbətlərinizdə, onların gözlərində nələr hiss etmisiz?
- Onun ailə üzvləri, o cümlədən anası, qardaşı, həyat yoldaşı və övladları görüşmüşəm. Zabit və sinif yoldaşları ilə telefonla danışmışam. Anasının, həyat və oğlunun gözlərində həsrəti aydın hiss etmişəm. Onlar İlqar Mirzəyevlə bağlı bəzi xatirələrini təbəssümlə, gülərək bölüşürdülər. Amma gözləri təsadüfən divardan asılmış şəklə sataşandan qəfil tutulur və sözlərinə ara verirdilər. Bilirdim ki, əbədi yaralarının üstü növbəti dəfə açıldı...
- Adətən şəhidlərin yaxınları onlar barədə çox danışmaq istəmir, bu mövzuda həssas olurlar. Həmsöhbətlərinizi necə razı saldız?
- Dediyim kimi, Rəşad Quliyevin ailəsi məni tanıyırdı. Ona görə onları razı salmaq çətin olmadı. Həmçinin İlqar Mirzəyevin oğlu Elvin də təşəbbüsümü müsbət qarşılamışdı. Yeri gəlmişkən, deyim ki, İlqar Mirzəyev barəsində daha əvvəl yazılan kitablar “quru” idi. Bunu onun ailə üzvləri özü deyirdi. Amma “Atama məktubu” bəyəndilər. Bu, mənim üçün böyük xoşbəxtlikdir.
- "Mənim qəhrəmanım" kitabınızda yazmısız ki, ən böyük məqsədimiz şəhidləri ölümsüz etməkdir. Sizcə, bunu bacara bildiz?
- İlqar Mirzəyev milli qəhrəman olduğuna görə Rəşad Quliyevə nisbətən daha çox tanınır. Mən kitablarımı ətrafımdakı insanlara, o cümlədən dostlarıma verməklə onların daha çox tanınmasına çalışdım və fikrimcə, buna müəyyən qədər nail oldum. Əlbəttə, daha çoxunu da etməyə hazıram.
- Əsərlərinizdə bədii təxəyyül nə qədərdir?
- Bədii təxəyyül əsərlərimdə, demək olar, yoxdur. Daha çox real faktlara üstünlük verməyə çalışmışam.
- Hər iki kitabınız daha çox sənədli povest xarakteri daşıyır. Gələcəkdə bədii əsər yazmaq barədə nə düşünürsünüz?
- Bəli, belə bir fikrim artıq. İdeyalarım var. Amma vaxta ehtiyacım var. Psixoloji immunitetimi yüksəltməliyəm. Yəqin ki, müəyyən fasilədən sonra bədii əsər də yazacam.
- Ümumiyyətlə, yaradıcılıq sahəsindəki gələcək planlarınız nələrdir?
- Planlarım çoxdur. Yəqin ki, tədricən reallaşdıracam. Məncə, planlar barədə danışmaq o qədər də doğru deyil...
Kənan Novruzov