Əməkdar artist, müğənni və bəstəkar Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlüyünə qəbul edildiyi bildirilir.
Bu haqda AYB sədrinin birinci müavini, Xalq yazıçısı Çingiz Abdullayev “Facebook” hesabında paylaşım edib.
Qərar sosial mediada birmənalı qarşılanmayıb və tənqid edilib.
"Sherg.az" məsələ ilə bağlı Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini, “525-ci qəzet”in baş redaktoru, yazıçı, şair Rəşad Məcidlə əlaqə saxlayıb.
O bildirib ki, Elza Seyidcahan istedadlı insandır:
"Elza xanım gözəl bəstəkardır və onun orjinal baxışları var. Hətta konsertlərində də çərçivələri sındırır. Bu baxımdan yazdığı şeirlər bəziləri üçün qeyri-adi görünə bilər. Amma bu bilməzlikdən gəlmir. Elza Seyidcahan klassik ədəbiyyatı da oxuyub, hətta özünün dediyi kimi Nəsimi yaradıcılığına da dərindən bələddir. Etdiklərini isə şüurlu şəkildə diqqət cəlb etmək üçün həyata keçirir. Digər tərəfdən onun bir neçə il bundan əvvəl qalın bir kitabı çap olunmuşdu. O kitabda çox maraqlı və qeyri-adi şeirlər var idi. Şeyriyyatı başa düşən insanlar başa düşürlər ki, Elza xanımın yaradıcılığı fərqlidir. Digər tərəfdən AYB-nin 2000 min üzvü var və Elza Seyidcahandan qat-qat aşağı istedadlı insanlar da birliyin üzvüdür. Ona görə də belə şou yaradaraq, Elza xanımı qorxulu bir məxluq kimi təqdim etmək ədalətli deyil. Onun istedadına, yaradıcılığına qarşı kin-küdurəti qəbul etmirəm və AYB-yə üzv olmasına normal yanaşıram".