Mirvarid Dilbaziyə daha çox bənzəyən şairimiz Fəridə Ləmanın 70 yaşı tamam olur. Əl eləyib saxlaya bilmədiyimiz zamanın bu sürətlə irəliləyib yaşımız üstünə illər əlavə etməsi qorxunc deyil. Maraq doğuran odur ki, bu illərdə nəyin qalıb, şairsənsə hansı misran dillərə köçüb, yazıçısansa romanında hansı bir abzas yaddaşa yazılıb, müəllimsənsə neçə nəfər cəmiyyətə faydalı insan yetirmisən suallarına cavab verməkdir.
Fəridə Ləmanın bu 70 yaşı onu qorxutmamalıdır, çünki 70 ildə ortaya yaxşı 70 şeir qoya bilib, tarixçi olmasa da Qazaxın Ermənistanla sərhəd olan torpaqlarının qonşulara hədiyyə edilməsinin tarixini yazıb, Birinci Qarabağ savaşında ev-ev, kənd-kənd gəzib şəhidlərin şəkillərini, fotolarını kitaba çevirib. Tək bu? Yox. Fəridə Ləman Baba Mahmudoğlunu, Əminə Dilbazini, Qiyasbəylilərin sənət, həyat taleyini şirin bir dillə mətinə çevirib. "Poeziyada olduğu kimi Fəridə Ləman publisistikada da öz sözünü demiş və deyən bir yaradıcı obrazdır. Fəridə Ləman filoloq alimdir, sadə yazır, anlaşıqlı yazır, ancaq bəsit yazmır. Yazıdakı sadəliyi onun üstünlüyüdür, oxucunu oxumağa həvəsləndirən yazı tərzini ortaya qoyur. Bu qələm sahibinin bir amalı var, dilin saflığını qorumaq".
Ötən əsrin sonlarında Fəridə Ləmanla eyni redaksiyada çalışdıq, onu yaxından tanımaq fürsətim oldu. Bütün çətinliyə, qayğılara baxmayaraq bu həssas qəlbli yazar ətrafındakı insanları heç vaxt diqqətdən kənarda qoymadı, kollektivdəki hər kəsə bacı, ana nəvazişi göstərdi. Yadımdadır, xəstəxanada yatan Ağamalı Sadiq Əfəndini ziyarətə gedəndə yolboyu Ağamalı bəyin bu xəstəlikdən qurtulmaq çarələri üzərində o qədər həssas danışdı ki, bir də baxdıq ki, artıq xəstəxanadayıq.
Fəridə Ləmanı şəxsiyyət, şeiriyyət baxımından və bir xanım obrazı olaraq Mirvarid Dilbaziyə bənzədərdim. Hər iki şairin bir-birinə bağlayan sadəlik, həssaslıq, özgüvən, ətrafa sayğı, dəyərlərə bağlılıqdır. Hər iki şairin ruh oxşarlığı var. Tanrı Mirvarid xanımın ruhunu şad etsin, Fəridə Ləmana uzun ömür, cansağlığı versin. Fəridə Ləman haqda hələ yazılası, deyiləsi çox söz var. Sürətlə yanımızdan, həyatımızdan ötüb-keçən zamanın bir vədələrində o sözlərin ən yaxşıları bizim dilimizdən, qələmimizdən Fəridə Ləmana ünvanlanacaq.
Akif Aşırlı,
Əməkdar jurnalist