AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat institutunun şöbə müdiri, filologiya elmləri doktoru, Azərbaycan Türk Ocağı İdarə Heyətinin üzvü Bədirxan Əhmədli 3 cildlik “XX əsr Azərbaycan ədəbiyyatı tarixi" fundamental dərsliyini Ocağa hədiyyə edib.
Sherg.az xəbər verir ki, Bədirxan Əhmədli müasir Azərbaycan ədəbiyyatşünaslığının və ədəbi tənqidinin nüfuzlu nümayəndələrindən biri olmaqla yanaşı ədəbiyyatşünaslıq elmində özünəməxsus yer tutan alimlərimizdəndir.
Onun Azərbaycan Türk Ocağına hədiyyə etdiyi "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" adlı 3 cildlik dərsliyi də bu dövr ədəbiyyatımıza yeni praqmatik baxış sərgiləmək baxımından nəzərəçarpacaq dərəcədə ehtiyac duyulan mənbələrdəndir.

XX əsr Azərbaycan ədəbiyyatı tarixi üzrə çoxlu sayda araşdırmaların müəllifi professor Bədirxan Əhmədlinin bu araşdırması son otuz ildə ədəbiyyat tarixçiliyi ilə bağlı aparılan ən yeni tendensiyanı, təmayülləri özündə ehtiva edir. Haqqında danışdığımız bu cild monumentallığı, fundamentallığı və məsələyə kompleks yanaşması ilə diqqəti cəlb etməklə yanaşı, XX əsr Azərbaycan ədəbiyyatının həmin dövrü haqqında yazılmış sanballı bir mənbədir. Dərslik-monoqrafiyanın yüksək elmi auditoriya üçün yazılmasına baxmayaraq, çağdaş ədəbiyyatşünaslığımızın bütün problemlərini əhatə edir və tədqiqatçılar üçün zəngin mənbə rolunu oynayır.
Xüsusən Universitet tələbələrinin XX əsr Azərbaycan ədəbiyyatını öyrənməyə olan ehtiyacını ödəmək baxımından bu nəşrin əhəmiyyəti son dərəcə yüksəkdir.
Bədirxan Əhmədlinin böyük zəhmət hesabına araya-ərsəyə gətirdiyi "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərsliyi bu gün özünün sırf tətbiqi əhəmiyyəti ilə də seçilməkdədir.
Professor Bədirxan Əhmədlinin bu dərsliyi son əlli ildə ədəbiyyat tarixçiliyi ilə bağlı aparılan ən yeni təmayülləri, fikirləri özündə ehtiva edir.
Dərslikdə Azərbaycan ədəbiyyatı tarixinin çox az tədqiq olunmuş bir mərhələsinin
(1920-1960) ədəbi prosesi, şəxsiyyətləri, hadisə, istiqamət və keyfiyyətləri yeni
düşüncə orbitindən dəyərləndirilir. Müəllifin icmalları, təhlil və portret oçerkləri
bundan sonra aparılacaq araşdırmalar üçün yeni bir nəzəri-metodoloji istiqamət açır. Dərslik bakalavr və magistrlər üçün nəzərdə tutulub. Bununla belə,
ədəbiyyat tarixinin müxtəlif problemləri ilə maraqlanan tədqiqatçılar üçün də zəngin mənbə hesab oluna bilər. Üç cilddə “XX əsr Azərbaycan ədəbiyyatı tarixi”nin bu cildində son əlli ilin ədəbi prosesi əhatə olunur və ədəbiyyat tarixçiliyi ilə bağlı ən yeni fikirləri özündə ehtiva edir. Dərslikdə Azərbaycan ədəbiyyatı tarixinin çox az tədqiq olunmuş bir mərhələsinin (1960─2000-ci illər) hadisə, istiqamət və şəxsiyyətləri yeni düşüncə orbitindən dəyərləndirilir. Dərslikdə son əlli ilin ədəbi prosesinin xarakteri və ədəbi inkişaf meyilləri də öz əksini tapır. Müəllifin icmalları, təhlil və portret oçerkləri bundan sonra aparılacaq araşdırmalar üçün yeni bir nəzəri-metodoloji istiqamət açır. Dərslik bakalavr və magistrlər üçün nəzərdə tutulub. Bununla belə, ədəbiyyat tarixinin müxtəlif problemləri ilə maraqlanan tədqiqatçılar, doktorantlar üçün də zəngin mənbədir.

Dərslikdə ədəbiyyatın ayrı-ayrı inkişaf meyilləri, istiqamətləri, problemləri və hadisələri təhlil edilir. İlk dəfə olaraq bütöv bir əsrin ədəbi prosesi yeni Avropa tipli ədəbiyyat tarixçiliyi baxımından ideoloji meyarlarla deyil, ədəbi yöndən tərəfsiz araşdırılır. Müəllif bir çox mürəkkəb, ziddiyyətli hadisələri, “izm”ləri, ədəbi cərəyanları, fərqli metodologiyanı və ədəbi prinsipləri özündə ehtiva edən yüzilliyin ədəbiyyatına özünəməxsus ədəbi, metodoloji kontekstdən yanaşır və mümkün olduğu qədər doğru bir konsepsiyadan çıxış edir. Repressiya, sovet ədəbiyyatı, mühacirət və legion ədəbiyyatı kimi problem də burada siyasi gözlüklə oxunmamış, ədəbi proses obyektiv şəkildə araşdırılmış, ədəbi şəxsiyyətlər yeni düşüncə ilə qiymətləndirilmişdir. Lakin onu da demək lazımdır ki, yüzillikdə yazıb yaradan bütün ədəbi şəxsiyyətlərin hamısına ayrıca oçerk verilməmişdir, burada yalnız ədəbiyyatın istiqamətini dəyişməyə çalışmış, özünü təsdiq etmiş sənətkarlara ayrıca oçerk vermək mümkün olub.
“XX əsr Azərbaycan ədəbiyyatı tarixi” dərsliyin 1-ci cildi Azərbaycan ədəbiyyatı tarixinin çox az tədqiq olunmuş bir mərhələsini (1890-1920-ci illər) əhatə edir. Tədqiqatçı ilk dəfə olaraq bu dövrü "Azərbaycan ədəbiyyatının milli hərəkat dövrü" kimi xarakterizə edir, milli hərəkatın mənbə və qaynaqlarını, onun xüsusiyyətlərini təhlil edir. Bu ədəbiyyat tarixinin bir xüsusiyyəti də dövrün ictimai-siyasi, ədəbi, mədəni hadisələrinin icmal yolu ilə araşdırılmasıdır. Qətiyyətlə deyə bilərəm ki, bu icmallarda dövrün mahiyyəti, xarakteri bütün gerçəkliyi ilə üzə çıxır. Bu icmaldan xalqın siyasi potensialının üzə çıxmasında ədəbi düşüncə komponentlərinin yaxından iştirakını görürük.
2-ci cildi Postcümhuriyyət və sovet (1920-1950), 3-cü cildi isə Müstəqillik ərəfəsi və müstəqillik (1960-2020) dövrünü əhatə edir. Dövrün ədəbi prosesi, ədəbiyyatına yeni meyarlarla yanaşılır və yeni konsepsiya təqdim edilir.
Cildlərdən hər biri "Giriş", müvafiq fəsil və bölmələr, ədəbiyyat siyahısından ibarətdir. Hər bir bölüm daxilində "İctimai həyat və ədəbi proses", "Poeziya", "Nəsr", "Dramaturgiya" və ədəbi şəxsiyyətlərin yaradıcılıq portretlərini əks etdirən materiallar təqdim olunur. Bölümlərdə təkrarlanan (dərslikdə bu təkrarlara ciddi ehtiyac duyulmaqdadır) ümumi başlıqlara baxmayaraq, onlardan hər birində spesifik olan, ictimai-sosial, mədəni-ədəbi həyatımıza neqativ möhür vuran problemlər yetərincə qabardılaraq tələbələrin və tədqiqatçıların diqqətinə çatdırılmaqdadır. Məsələn, 1920-ci illər ədəbiyyatı ümumi şəkildə "Proletar hegemoniyası dövrünün ədəbiyyatı", 1930-cu illər "siyasi-ictimai repressiyalar dövrünün ədəbiyyatı", "1940-50-ci illər sosrealizmin təşəkkülü və yeni meyllərin təzahürü", "Azərbaycan mühacirət ədəbiyyatı", "Cənubi Azərbaycan ədəbiyyatı" kimi başlıqlarda nəinki ədəbi-bədii fikrin aparıcı nümayəndələrinə, həm də tarixi-siyasi proseslərə yetərincə obyektiv münasibət sərgilənir.
Birinci bölümün "İctimai həyat və ədəbi proses" hissəsində müəllif tələbələrin diqqətini indiyə qədər dərsliklərimizdə səslənməsi və təsnifi məqbul hesab edilməyən məsələlər üzərində cəmləşdirir.
Məlumat üçün bildirək ki, Bədirxan Əhmədlinin "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərsliyi müəllifin bu dövr ədəbiyyatına məhz elmi-nəzəri, pedaqoji-metodik kontekstdə doğru-dürüst mövqedən yanaşdığının bariz təzahürü kimi dəyərləndirilməlidir.