Dünyanın ən kiçik kitabının müəllifi "Şərq"ə danışdı


"Ən qısa zamanda kitabım “Ginnes”in rekordlar kitabına düşəcək"


Dünyanın ən kiçik kitabının müəllifi (təxminən 6 mm - red), Türkiyəli tanınmış şair, İzmirdə yerləşən Beynəlxalq Aktivist Sənətçilər Birliyinin qurucu başqanı Ümit Yaşar İşıkhan Azərbaycanda səfərdədir. Türkiyəli yazar Bakıya mərhum şair Akif Səmədin 60 illik yubiley tədbirində iştirak etmək üçün dəvət edilib.
Ümit Yaşar İşıkhan tədbirdə “Akif Səməd Müfafatı” ilə təltif olunub. Kiçik kitab nəşrləri ilə bağlı ilklərə imza atan və təşəbbüsləri hər zaman maraqla qarşılanan şairin Bakıda olmasını fürsət bilərək həm bu haqda, həm mərhum Akif Səməd, həm də bütövlükdə Azərbaycan ədəbiyyatı barədə təəssüratlarını “Şərq”ə bölüşməsini xahiş etdik. Ricamızı geri çevirməyən türkiyəli şair məhdud vaxtına rəğmən ovqatını məmnunluqla bizimlə paylaşdı..

 - Ümit bəy, öncə kiçik kitab məsələsindən başlamaq istərdim. Bu fikir sizdə necə formalaşdı? Hansı səbəblərdən kitabların ölçüsünü get-gedə kiçiltmək qərarı verdiniz? 



 - Dünyanın oxuna bilən ən kiçik kitabı mənə aiddir. Artıq bu kitabın “Ginnes”in rekordlar kitabına düşməsi üçün müraciət etmişəm. Heç bir problem yoxdur və ən qısa zamanda kitabım rekordlar kitabına girəcək. 6 mm.lik ölçüyə malik olan ən kiçik şeir kitabım hazırda Azərbaycandadır və burada muzeydə sərgilənir. Sözün açığı, kitabımın qardaş ölkədə xüsusi sərgilənməsi mənə ayrıca qürur verir. Məhz buna görə Azərbaycana təşəkkür edirəm. Çünki məni çox gözəl qarşıladınız, mənə möhtəşəm ev sahibliyi etdiniz. 
 - Ən kiçik kitabınızın adı nədir? 
 - Kitabın adını “Aşkdan sonra hüzün” (Eşqdən sonra kədər –red) qoydum. Yəni, eşq bitdikdən sonra hüzün, qəm, kədər başlayır. Əslində bu kitab ilk dəfə 1987-ci ildə nəşr edilib. O zaman kitab kağızlarının qiyməti çox bahalı idi. Bu azmış kimi hər həftə kağıza zam gəlirdi, yəni qiyməti bir az da qalxırdı. Mən də şair olaraq qiymət artımına etiraz etmək məqsədi ilə dünyanın ən kiçik kitabını çap etdirdim. Amma o zaman kitabın ölçüsü indiki kimi kiçik deyildi. Təxminən bir kibrit qutusu boyda idi. Daha sonra qənd ölçüsündə kitab nəşr etdirdik. Hazırki kitabın ölçüsü isə təxminən mərcimək dənəsi qədərdir. Amma kiçik olmasına baxmayaraq, oxunur. 
 - Azərbaycan mədəniyyəti ilə tanışlığınız hansı dövrə təsadüf edir? 

 - Azərbaycana ilk dəfə 2010-cu illərdə gəlmişəm. Ankarada nəşr edilən “Ədəbiyyat” jurnalı E.Quliyevə mükafat vermişdi. Mən də həmin mükafatı təqdim etmək üçün Azərbaycana gəlmişdim. Yəni, qardaş Azərbaycanı, yetişdirdiyi şair və yazarları çoxdan tanıyıram və oxuyuram. 
 - Bəs mərhum şair Akif Səməd yaradıcılığı ilə tanışlığınız nə zaman başladı? 
 - Təxminən 4-5 il əvvəl Beynəlxalq Aktivist Sənətçilər Birliyinin Azərbaycan təmsilçisi Nəvai Mətin mənə bir kitab hədiyyə etdi. Həmin kitab Akif Səmədin şeirlər kitabı idi. Mən o kitabı çox dərindən oxudum və Akid Səmədlə qiyabi tanış oldum. Ondan sonra həm Akif Səmədin şəxsiyyətinə, həm də yaradıcılığına heyran qaldım. 
 - Şairin 60 illik yubileyi ilə bağlı düşüncələriniz nədir? Anım tədbirini bəyəndinizmi? 
 - Çox bəyəndim. Təmsilçimiz Nəvai Mətin məni tədbirə dəvət etdi. Dedi ki, Akif Səmədin 60 illiyi ilə bağlı gözəl anım tədbiri keçiriləcək, onun şeirləri oxunacaq, haqqında çıxışlar ediləcək və s. Məni də Türkiyəni təmsil edən şair kimi tədbirdə görmək istədiyini ifadə etdi. Məmnunluqla qəbul etdim və bir neçə yaxın yazar dostlarımla birlikdə tədbirə qatıldım. Yubiley hamımıza çox gözəl təsir bağışladı, duyğulandırdı.  
 - Akif Səmədin xatirəsinin Türkiyədə yad edilməsi ilə bağlı hansısa planınız varmı? 


 - Əlbəttə, bu barədə düşünürük. Bir məsələni xatırladım. 2008-ci ildə Beynəlxalq Aktivist Sənətçilər Birliyi olaraq Türkiyənin Muğla şəhərinin bir qəsəbəsində Azərbaycanın görkəmli şairi Səməd Vurğun küçəsinin açılışını etdik. Tanınmış şairin adının küçəyə verilməsinə nail olduq. Türkiyəyə qayıtdıqdan sonra Akif Səmədin də adının hansısa park və ya küçəyə verilməsi üçün çalışacağıq. Akif Səməd yeri doldurula bilməyəcək qədər dəyərli söz adamıdır. Bundan sonra Akif Səmədi Türkiyədə daha çox tanıtmaq üçün əlimizdən gələni edəcəyik. Oktyabr ayında bir jurnalımız çap olunacaq və orada mərhum şairlə bağlı xüsusi yazım çıxacaq. Bundan əlavə İzmirdə Sənətçilər Birliyinin radio və televiziyası var. Akif Səmədin bəlgəsəl filmini həmin televiziyada da yayımlatdıracağam. Qiymətli bir şairi Türkiyədə təbliğ etmək üçün əlimizdən gələn hər şeyi edəcəyik. 
 - Azərbaycanda başqa hansı şair və yazarlarla yaxın əlaqəniz, şəxsi tanışlığınız var? 
 - Yazıçı Anar, Elçin Əfəndiyev və başqa yazarlarla ünsiyyətimiz var. Onu da vurğulayım ki, Türkiyədə çoxları Səməd Vurğunun şeirlərini əzbər bilirlər, çox bəyənirlər. 
 - Son olaraq Azərbaycan və Bakı haqqında təəssüratlarınızı öyrənmək istərdim. Ölkəmizi, paytaxtımızı bəyəndinizmi? 
 - Azərbaycan bizim evimizdir. Hər baxımdan qardaş ölkədir. Burada özümüzü qətiyyən hansısa xarici ölkədə olduğumuz kimi hiss etmirik. Doğma vətənimiz kimi bilirik. Azərbaycanda hamı bizimlə çox maraqlandı. Ona görə də bütün Azərbaycanlı qardaşlarımıza, xüsusən Nəvai Mətinə təşəkkürümüzü bildiririk.  Var olsunlar. Akif Səmədi bizə tanıdan, bu xəzinəni bizə bəxş edən məhz Nəvai Mətindir. Belə dəyərli bir şairi yetişdirdiyi üçün Azərbaycan xalqına da minnətdarıq. 
 - Ümit bəy, vaxt ayırdığınız üçün çox təşəkkür edirik.
 - Buyurun, xoşdur. Mən də sizə və Azərbaycan xalqına çox təşəkkür edirəm. Türkiyə-Azərbaycan qardaş ölkələrdir. Xalqınızı və şairlərinizi çox sevirik. Biz hər zaman sizi, siz də bizi dəstəkləmisiniz.