Təhlükəli tendensiya - Narkoman sürücülərin sayı çoxalıb - AKTUAL

"Narkotik aludəçisi olduğu aşkarlanan sürücülər sürücülük hüququndan heç bir istisna, güzəşt olmadan məhrum edilməli, sürücülük vəsiqələri də əllərindən alınmalıdır"



Neçə gündür paytaxtda yol polisi reydlər keçirir. Paytaxtı əhatə edən gücləndirilmiş tədbir Binəqədi rayonu ərazisində də aparılıb. Avtosfer.az xəbər verir ki, hər yerdə olduğu kimi, burada da həyatını təhlükəyə atan piyadalara tez-tez rast gəlinir. Onlara qarşı inzibati tədbirlər görülür. Günün pik saatlarında hərəkətin intensivliyindən istifadə edərək dilənçilik edən şəxslər də polislərin gözündən yayınmayıb. Azyaşlıya tütün məmulatı satan obyekt də aşkarlanıb. Adi qaydada görə bilmədiyimiz məqamları yol polisi üzə çıxarır. Qayda pozan və əmrə tabe olmayanları saxladıqca üzə çıxdı ki, aralarında sərxoş olan, uyuşdurucu maddənin təsirinə düşən onlarla sürücü var.
Saxlanılan sürücü bunları deyib: "İçən deyiləm, amma narkotikin həvəskarıyam. İçkili deyiləm. Hazırda istifadə etmişəm".Tədbirin pik nöqtəsi isə Binəqədi polisinin 1 kq narkotik vasitəni dövriyyədən çıxarması oldu. 34 yaşlı paytaxt sakini Ceyhun İsayev avtomobilində saxlanılan zaman üzərindən və nəqliyyat vasitəsindən müxtəlif tərkibli psixotrop maddələr aşkar edildi.Bu kimi tədbirlərin ictimai təhlükəsizliyin təmin edilməsində əhəmiyyətini nəzərə alan paytaxt polisi reydlərini davam etdirəcək.Sürücünün aşkarcasına uyuşdurucu maddə istifadəçisi olduğunu etiraf etməsi heyrət doğurmaya bilmir. Belə faktlar piyadaların real təhlükə ilə üz-üzə olduğunu göstərir. Xatırladaq ki, bir müddət əvvəl avtobus sürücüsünün sükan arxasında uyuşdurucu maddə istifadə etdiyi görüntüləri sosial şəbəkədə yayılmışdı. İndi də bir sürücü etiraf edir ki, narkotik istifadəçisidir. Belə sürücülərə qarşı hansı tədbirlər görülməlidir?
“Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı “Şərq”ə açıqlamasında yalnız reydlərlə bu kimi halların qarşısını almağın mümkün olmayacağını dedi:
"Bu, çox təhlükəli tendensiyadır. Hesab edirəm ki, narkotik aludəçisi olduğu aşkarlanan sürücülər sürücülük hüququndan heç bir istisna, güzəşt olmadan məhrum edilməli, sürücülük vəsiqələri də əllərindən alınmalıdır. Həm də uzun müddətə. Belə sürücülər məcburi müalicəyə cəlb edilməlidir. Əgər sonra belə şəxslər sağlamlıq haqqında arayış təqdim etsələr və onların narkotik vasitə təsirindən xilas olduğu təsdiqlənərsə, sürücülük hüququnun bərpası məsələsinə baxılsın. Narkotik asılılığı çətin müalicə olunan xəstəlikdir. Bunun üçün illər lazım olur. Elə adamlar var, müalicə alır, uyuşdurucu maddədən uzaqlaşır, amma bir də görürsən yenə, təkrar istifadə etməyə başlayır. Bu asılılıq 2-3 ayın ərzində aradan qaldırıla bilməz. Məncə, “Yol hərəkəti haqqında” Qanuna və İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik edilməlidir. Çünki hazırkı variantda psixotrop maddə istifadəçisi və spirtli içki qəbul edənlərə qanunda eyni məsuliyyət nəzərdə tutulur. Amma fikrimcə, bu səhvdir. Spirtli içki sürücü tərəfindən hansısa məclisdə, toyda, ad günündə, ya da adi bir vaxtda qəbul edilə bilər. Səhərisi qəbul etməz, ayıq başla avtomobil idarə edər. Amma narkotik maddə asılılıq yaradan vasitədir. Narkotik bir bəladır. Spirtli içki istifadəçisi ilə narkotik maddə aludəçisi biri-birindən fərqləndirilməlidir. “20 Yanvar” dairəsində, bilsəniz necə dəhşətli vəziyyət hökm sürür. Taksi sürücülərinin qolları doğram-doğramdı. Bir söz də deyiləndə, çıxarır “lezva”nı ki, bu dəqiqə özümü doğrayacam. Belə adamlar sürücülükdən tamamilə kənarlaşdırılmalıdır. İnsanların həyatını belə sürücülərə necə etibar etmək olar?!".
E.Muradlı xatırlatdı ki, əvvəlki qaydalara görə, sürücülük vəsiqəsi müddətli verilirdi, müddət bitdikdə tibbi arayış tələb olunurdu. Doğrudur, burada bir sıra neqativ hallara yol verilirdi, sürücülər həkimdən, yalançı arayışlar alıb təqdim edirdilər. Amma hər məsələnin bir çözümü olmalıdır:
"Hesab edirəm ki, sürücülük vəsiqələrinin müddətli verilməsi və tibbi arayış tələbi yenidən bərpa olunmalıdır. Həmçinin sürücülük vəsiqəsi üçün narkoloji dispanser və ruhi-əsəb dispanserinin arayışı da tələb olunan sənədlər arasına əlavə edilməlidir. Təsəvvür etmək çətindir ki, hətta lal-kar taksi sürücüləri var. Lal-kar adam, necə taksi xidməti göstərə bilər? Söhbət əlillikdən getmir. Məsələ, əlilliyi olan adamın hansı işə cəlb edilməsidir".