İqtidar da, müxalifət də ordumuzun yanındadır

Tural Abbaslı: "İstənilən hərbi təlimin siyasi mesaj tərəfi də var"


Dünən Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə növbəti hərbi təlimlərə start verilib. Təlimlər “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah” adı altında icra olunur. Nəzəri və praktiki hissədən ibarət olan təlimlər Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcək.

Üç ölkənin hərbi bölmələri və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edəcəklər. Təlim sentyabrın 6-dək davam edəcək. Ekspertlər regionun üç ölkəsinin, xüsusən NATO üzvü olan Türkiyənin güclü ordusu ilə birgə təlimlərin keçirilməsini müsbət dəyərləndirirlər.

Onların fikrincə, hərbi təlimlərin mütəmadi icra olunması müəyyən ölkələrə mesaj xarakteri daşımaqla yanaşı, həm də orduların bir-birindən faydalanması və koordinasiyalı hərəkət üçün zəruridir. 



Birgə təlimlərlə bağlı “Şərq”ə fikirlərini bölüşən AĞ Partiya başqanı Tural Abbaslı deyib ki, onun rəhbərlik etdiyi siyasi qurum Azərbaycan ordusunun peşəkarlığının, hazırlığının və döyüş qabiliyyətinin artırılmasına xidmət edəcək istənilən təlimlərin tərəfdarıdır. Partiya rəhbəri vurğulayıb ki, Azərbaycan ərazilərinin bir hissəsi hələ də işğal altındadır və hər kəs bunun fərqində olmalıdır: “Azərbaycan müxalifəti də, iqtidarı da istənilən halda ordumuzun yanındadır.

Təbiidir ki, qardaş Türkiyə dövlətinin hərbiçiləri ilə keçirilən təlimlər daha da önəmlidir. Çünki hər bir Azərbaycan vətəndaşı yaxşı bilir ki, gözlənilən növbəti Qarabağ  müharibəsində qeyd-şərtsiz yanımızda olacaq ilk ölkə qardaş Türkiyə olacaq.

Həmçinin, nəzərə alsaq ki, düşmən ölkə olan Ermənistanın əsas müttəfiqi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır, o zaman Azərbaycanın NATO ölkələri ilə hərbi təlimlərdə birgə iştirakı ikiqat önəm kəsb edir”. 

T.Abbaslının sözlərinə görə, istənilən hərbi təlimin siyasi mesaj tərəfi də var:

“Bakıda keçirilən təlimlər də müəyyən mesajlar verir. Əsas məsələ bu mesajları doğru zamanda və doğru dairələrə çatdırmaqdır. Əminəm ki, bu təlimin istər hərbi, istərsə də siyasi baxımdan Qarabağ probleminin Azərbaycanın maraqları çərçivəsində həlli istiqamətində xeyli töhfələri olacaq.

Ordumuza peşəkarlıq və Azərbaycan torpaqlarını tezliklə işğaldan azad etməyi arzulayıram”.