Azərbaycanla Ermənistan arasında əsir və girovlar niyə dəyişdirilmir ? - AÇIQLAMA

Əhməd Şahidov:“Bir ilə yaxın zaman keçsə də, işğalçı ölkə humanist təklifimizə adekvat cavab verməyiblər



“Ermənilər rəsmi Bakının humanist təklifinə adekvat cavab vermir”.

Bunu “Sherg.az”a açıqlamasında Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov deyib.

Ekspert bildirib ki, Rusiya və Ukrayna arasında əsir və girovların dəyişdirilməsi dünya ictimaiyyətinin diqqətini cəlb etdi. Həm də tərəflər arasında etimad mühitini möhkəmləndirdi: 



“Azərbaycan da bu problemə üz-üzədir. Girovlarımız uzun zamandır ermənilərin əlindədir. 

Keçən ilin noyabr ayında rəsmi Bakı bununla bağlı beynəlxalq təşkilatlara dəfələrlə müraciət edib. 

Lakin bir ilə yaxın zaman keçsə də, işğalçı ölkə humanist təklifimizə adekvat cavab verməyiblər. 

Belə bir məqamda Ermənistanın baş naziri Nikol Paşinyanın Ukrayna-Rusiya arasındakı girovların dəyişdirilməsi prosesinə qiymət verməsi, özünü “humanist” lider kimi aparması təəccüb doğurur. 

Əslində öz ölkəsinin üzləşdiyi problemi görməyən bir şəxsin başqasının çətinliyini həll etməyə çalışması gülüncdür. Baş nazirin Azərbaycan tərəfində saxlanılan üç erməni diversantın dəyişdirilməsinə çalışmaması absurd yanaşmadır və qeyri-səmimilikdən irəli gəlir”. 

Hüquq müdafiəçisinin sözlərinə görə, Paşinyan daxili auditoriya üçün tamam fərqli ritorikada danışır, beynəlxalq ictimaiyyət üçün isə ayrı cür mövqe sərgiləyir: 

“Bu da erməni baş nazirin siyasi lider kimi formalaşmadığını, daha doğrusu ikiüzlülüyünü göstərir. Belə davranış siyasi rəhbərlərə yaraşmır. Baş nazir öncə öz ölkəsinin, öz əsgərlərinin aqibətini düşünməlidir. Ondan sonra başqa dövlətlərin işinə müdaxilə etmək haqqını özündə görə bilər”.