Hər zaman SAVAŞA hazır olmalıyıq

Azərbaycan və Türkiyə “vahid türk ordusu” hədəfinə doğru əmin addımlarla yürüyür

"Ermənistan və onun havadarları bilməlidir ki, “Dəmir Yumruğun” arxasında Azərbaycanla yanaşı Türkiyə də var"


İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib.

Hərbi və müdafiə sahəsində inkişaf perspektivləri və əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilib. Qeyd edək ki, iclasın Azərbaycan tərəfdən həmsədri Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahının ikinci rəisi, general Selçuk Bayraqtaroğludur. Bayraqdaroğlunun başçılıq etdiyi nümayəndə heyəti Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən də qəbul edilib. Ölkələrimiz arasında münasibətlərin dostluq və qardaşlıq üzərində qurulduğunu xatırladan nazir bildirib ki, Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə hərbi-texniki və hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığı genişləndirir və bu, bölgədəki sabitliyi təmin edən əsas amillərdəndir. General S.Bayraqdaroğlu da ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrindən, o cümlədən səmərəli əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib. Nazirlə görüşdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri və əsas istiqamətləri müzakirə edilib. İki ölkə ordularının müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, həmçinin maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Əlavə olaraq bildirək ki, məşhur “Bayraktar TB2”lərin istehsalçısı olan “Baykar Makina”nın Azərbaycanda istehsalat bölməsinin açılması ilə bağlı da danışıqlar gedir. Türkiyə hərbi-sənaye kompleksinin nəhənglərindən olan “Aselsan”ın ölkəmizdə bölməsi artıq var.

Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, təqaüddə olan general-mayor Yücel Karaüz “Şərq”ə açıqlamasında deyib ki, Cənubi Qafqaz regionunda, ümumiyyətlə, dünyada Azərbaycan və Türkiyənin ayrı-ayrılıqda güclü olması, fəaliyyət göstərməsi anlam ifadə etməməklə yanaşı, arzulanan nəticəni də vermir. General vurğulayıb ki, Azərbaycan və Türkiyə siyasi-iqtisadi və hərbi sahədə birgə əməkdaşlıqla dünyanın ən önəmli gücünə çevrilməkdədir:

“Yüksək Səviyyəli Hərbi Dialoq 44 günlük Vətən müharibəsindən sonra ilk tədbirdir. Məhz bu səbəbdən budəfəki dialoq xüsusi məna və əhəmiyyət kəsb edir. 1992-ci ildən etibarən Azərbaycanla Türkiyə silahlı qüvvələri arasında əməkdaşlıq davam edir. İki ölkənin çoxsaylı birgə hərbi təlimləri, hərbi təhsil sahəsində təcrübə mübadiləsi, müasir silah sistemlərinin tətbiqi, o cümlədən silah sənayesi sahəsində ortaq fəaliyyəti qarşılıqlı əməkdaşlıq fonunda həyata keçirilir. Mövcud silah sistemlərinin birgə təlimlərdə sınaqdan keçirilməsi, NATO üzvü olan Türkiyənin öz hərbi təcrübələrini Azərbaycan hərbçiləri ilə paylaşması 44 günlük Vətən müharibəsində zəfəri gətirən əsas səbəblərdən biri oldu. Azərbaycan və Türkiyə hər iki dövlət başçısının da bəyan etdiyi kimi zəruri hallarda “vahid türk ordusu” hədəfinə doğru əmin addımlarla yürüyür. Bu cür görüşlərin məqsədi budur”.

General xatırladıb ki, bir neçə gün öncə Azərbaycanın Hərbi Hava Qüvvələri komandanı general-leytenant Ramiz Tahirov və hərbçiləri Türkiyənin Konya şəhərində təlimlərdə iştirak ediblər. Konyada hər iki ölkənin hava qüvvələri arasında saziş imzalanıb:

“Sazişə əsasən, Konyada Azərbaycan və Türkiyənin birgə təlimləri, uçuşlar, düşməni təyin və məhvetmə fəaliyyəti icra ediləcək. Azərbaycan hərbi pilotları Türkiyənin bu sahədəki təcrübələrinə yiyələnəcəklər. İki qardaş dövlətin hərbi sənaye sahələri arasında da sıx əməkdaşlıq var və durmadan inkişaf etməkdədir. “Aselsan” və “Roketsan”ın istehsal etdiyi hərbi vasitələrin, “Bayrak Makina”nın “Bayraktar TB2” PUA-larının bir qisminin Azərbaycanda hazırlanması ilə bağlı da anlaşmalar var. “Aselsan” şirkəti 15 ilə yaxındır ki, Azərbaycanda fəaliyyət göstərir. Birgə istehsal edilmiş silah-sursatın, hərbi avadanlıqların dünya bazarına çıxarılması müzakirə mövzusudur. Eyni zamanda birgə nəzarət sistemlərinin qurulması, hava məkanına yönəlik təhdidlərin qarşısının alınması ilə bağlı da işlər görülür”.

Y.Karaüz vurğulayıb ki, Ermənistan tərəfi 10 noyabr üçtərəfli anlaşmasının şərtlərinə doğru-düzgün əməl etmir:

“Öhdəliklərdən boyun qaçırmaq üçün müxtəlif bəhanələr ortaya atırlar. Minalanmış əraziləri əks etdirən xəritələri vermirlər. Sərhəd xəttində davamlı təxribatlar törədir və özünü təmizə çıxartmaq üçün Azərbaycanı beynəlxalq qurumlara şikayət edir. Azərbaycan ordusu hər zaman savaşa hazır olmalıdır. Güclü ordu sülhün təminatçısıdır. Hər zaman olduğu kimi Azərbaycan və Türkiyə “dildə, fikirdə və işdə birlik” şüarı ilə ortaq hərəkət etməlidir. Ermənistan və onun havadarları bilməlidir ki, “Dəmir Yumruğun” arxasında Azərbaycanla yanaşı Türkiyə də var. Bu ortaq güc dosta güvən, düşmənə qorxu hissi verir. Dili, dini, irqi və mədəniyyəti eyni olan, bayraqlarındakı ayı bir olan Azərbaycan və Türkiyənin hərb sistemlərinin də bir olması təbiidir”.