Havalanır Türkün səsi!..

Türkiyə ilə ən mühüm müqavilələr Şuşada imzalanacaq

Dünya gücləri Ərdoğanın Azərbaycana gözlənilən səfərini dörd gözlə izləyir


“Brüsseldəki proqramımız başa çatandan sonra Bakıda İlham Əliyev qardaşımızın qonağı olacağıq”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı deyib. Türkiyə lideri Azərbaycana səfəri çərçivəsində öncə Bakıya, sonra Şuşaya gedəcəyinin anonsunu verib. Ərdoğan iyunun 16-da Bakıda hərbçilərlə görüşəcəyini qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyini vurğulayan Türkiyə dövlət başçısı səfər çərçivəsində rəsmi görüşlər və ziyarətlər keçirəcəyini bildirib. Türkiyə prezidenti qeyd edib ki, Azərbaycanın işğal altındakı torpaqlarının azad olunması başda Ermənistan olmaqla, regiondakı bütün tərəflərə yeni şans verib:

“İşğaldan azad edilən ərazilərdən biri olan Şuşaya ailəvi gedəcəyik. Həm rəsmi görüşlər, həm də müxtəlif ziyarətlər həyata keçirəcəyik. Dost və qardaş Azərbaycanın işğal altında olan torpaqlarının ölkəmizin dəstəyi ilə azad olunması Ermənistan başda olmaqla bölgədəki bütün tərəflərə yeni dönəmin qapılarının açılması fürsətidir. Türkiyə olaraq qarşıdakı zamanlarda danışıqları davam etdirməyi düşünürük. Proqramımızı belə tərtib etdik”. Ərdoğan iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək AVRO-2020-nin Türkiyə-Uels matçını Azərbaycanda izləyəcəyini bildirib. 

Ekspertlərin fikrincə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, o cümlədən Şuşaya səfəri siyasi-mənəvi baxımdan olduqca əhəmiyyətlidir. Türkiyə nəinki regionun, dünyanın güclü dövlətləri sırasındadır, dünya siyasətində özünəməxsus çəkiyə sahibdir.

Təsadüfi deyil ki, bu gün regionun geosiyasi problemlərinin həlli Türkiyə olmadan qeyri-mümkündür. Nəzərə alaq ki, Azərbaycanda dünyanın bir neçə super güclərinin geosiyasi maraqları toqquşur. Beynəlxalq hüququn prinsiplərinə zidd olaraq Ermənistana ciddi dəstək verilir. Belə olan halda hərbi-siyasi gücə sahib Türkiyənin bölgədə rolu xarakterizə edilməlidir. Ərdoğanın Şuşaya səfəri də çox böyük tarixi əhəmiyyət kəsb edir. İki qardaş liderin Şuşada aparılan bərpa işlərinin təməlqoymasında birgə iştirakı nəzərdə tutulur ki, bu da rəmzi xarakter daşıyır və dövlətimizin tək olmadığını göstərir. 

Siyasi şərhçi Asif Nərimanlı mühüm səfəri bu cür şərh edib:

“Ərdoğan 16 iyunda Bakıda Əliyevlə birlikdə Türkiyə-Uels oyununu izləyəcək. Eyni gündə Putinlə Baydenin görüşü olacaq. Şuşa səfərinin oyundan öncə ola biləcəyi istisna deyil. O da istisna deyil ki, Azərbaycan və Türkiyə arasında mühüm müqavilələr Şuşada imzalanacaq. Proseslərə istinadən Əliyevlə Ərdoğan Bakıda regionun, həm də qlobal güclərin mübarizəsinin inkişafını müəyyənləşdirəcəyini deyə bilərik”.

Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü isə önəmli səfərinə belə münasibət bildirib:

“Ərdoğanın Putin-Bayden görüşünün nəticəsini gözləmədən Azərbaycana səfəri hər şeyi deyir. Türkiyə bütün dünyaya o mesajı verir ki, ABŞ-Rusiya anlaşmasının nəticəsinin necəliyindən asılı olmayaraq, Türkiyə Azərbaycanı tək qoymayacaq və Türkiyə-Azərbaycan ittifaqı gələcək siyasətində vahid dövlət kimi hərəkət edəcək”.