“Kosobokovun İrəvanda Ermənistan müdafiə naziri ilə görüşü, Laçında baş verənlər yaxşıya əlamət deyil,vəziyyət yaxşıya doğru inkişaf etmir”
“Bizim Türkiyə və Pakistanla birlikdə anti-terror əməliyyatı keçirə biləcəyimizə inansalar, ritorikalarını dəyişəcək, eyni ilə müharibədəki kimi davranacaqlar”
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradovla görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sonra general-leytenant R.Muradov Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə yeni təyin olunan general-mayor Mixail Kosobokovu Müdafiə nazirinə təqdim edib. Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib.
“Sherg.az” olaraq sülhməramlıların yeni komandanından gözləntilər barədə Ağ partiya sədrinin müavini, politoloq Əhəd Məmmədlinin fikirlərini öyrəndik:
- Dəyişiklik hansısa müsbət nəticəyə səbəb ola bilər?
- İnanmıram. Komandanın kimin olmasının fərqi yoxdur. Hər biri Rusiya dövlətinə xidmət edir. Kosobokovun İrəvanda Ermənistan müdafiə naziri ilə görüşü, Laçında baş verənlər yaxşıya əlamət deyil. Və, düzü, vəziyyət yaxşıya doğru inkişaf etmir.
- Nə etməliyik?
- Rusiya və Ermənistan Azərbaycanın üçtərəfli razılıqdan çıxması üçün hər şeyi edirlər. Əgər razılıq növbəti dəfə də pozularsa, biz 10 noyabr sənədindən imtina etməliyik. Ardınca isə keçmiş Dağlıq Qarabağda, rus sülhməramlıların olduğu ərazidə anti-terror əməliyyatı keçirməliyik. Bu barədə Kreml əvvəlcədən xəbərdar edilməlidir. Əgər bizim Türkiyə və Pakistanla birlikdə anti-terror əməliyyatı keçirə biləcəyimizə inansalar, ritorikalarını dəyişəcək, eyni ilə müharibədəki kimi davranacaqlar.
- İddialara görə, sülhməramlıların Qarabağda beş ildən daha çox qalmaq fikirləri var. Bu, nə qədər mümkündür?
- Həmin açıqlama özü də təxribatdır. Moskva artıq ictimai şüur yaradır, hazırlıq aparır.
- Məqsəd nədir?
- Hazırda informasiya savaşı davam edir. Şimal qonşumuz bilir ki, diplomatik meydanda uduzsaq, qələbəmiz minimuma enəcək. İstədiyi də budur. Biz isə adekvat cavab verməli və hər an anti-terror əməliyyatı keçirə biləcəyimizi göstərməliyik.