Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı rəisi ordu generalı Yaşar Gülər Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev ilə görüşüb. Bu barədə məlumatı “Anadolu” agentliyi yayıb.
Qeyd edək ki, K.Vəliyevin ilk xarici səfəri məhz qardaş Türkiyə Respublikasına həyata keçirilir. K.Vəliyev səfər zamanı Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla da görüşüb. Danışıqlar zamanı hərbi, hərbi-texniki, hərbi-təhsil, mühəndis təminatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.
Səfərin əhəmiyyəti barədə fikirlərini “Sherg.az”la bölüşən hərbi ekspert Ədalət Verdiyev vurğulayıb ki, vəzifəyə yeni təyin olunan general-leytenant Kərim Vəliyevin ilk rəsmi səfərini Türkiyəyə etməsi gözlənilən idi.Onun sözlərinə görə, bu səfər digər rəsmilərimizə də aiddir:
“Onlar da vəzifəyə təyin olunduqdan sonra ilk səfərlərini məhz qardaş ölkələrə edəcəklər. Sözügedən görüşdə müzakirə olunan mövzuların spektrları kifayət qədər genişdir. Türkiyə ilə hərbi, hərbi-texniki, hərbi-təhsil, həm də müdafiə sənayesi sahəsində birgə əməkdaşlıq etmək niyyətindəyik. Hesab edirəm ki, bu məsələlərlə bağlı kifayət qədər geniş müzakirələr aparılacaq, müxtəlif dövlət rəsmiləri ilə bir çox sazişin imzalanması da mümkündür”.
Ə.Verdiyev qeyd edib ki, Azərbaycanın müharibə zamanı israf etdiyi silah-sursat ehtiyatlarımızın yenidən bərpası üçünTürkiyə ilə əməkdaşlığa daha çox üstünlük verəcəyi bəllidir:
“Bundan başqa, əvvəllər Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərinin rəhbərləri cənab Prezidentin qəbulunda oldular. Onlardan bəziləri Qarabağ ordeni ilə təltif edildi. Görünür, artıq həmin şirkətlərlə Azərbaycanın daha yaxından əməkdaşlıq etməsi, bəlkə də, Qarabağda birgə silah istehsal sahələrinin yaradılması səfərin müzakirə mövzularından biri ola bilər”.
Yeganə Bayramova