Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi keçiriləcək.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır.
"Üç qardaş - 2021" beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov təlimlərin əhəmiyyətini “Sherg.az”a şərh edərkən bunun gözlənilən olduğunu nəzərə çatdırdı:
“Üçtərəfli əlaqələrimiz artıq ənənəyə çevrilib. Türkiyə və Pakistan daim yanımızda olublar. Fikrimcə, təlimlər bundan sonra daha da intevsivləşəcək, hazırlıqların əhatə dairəsi genişlənəcək. Bunun üçün hər cür şərait, o cümlədən istək var. Azərbaycan və Türkiyə arasında bir-birilərinin maraqları naminə ordunun səfərbər olması haqqında artıq hüquqi baza formalaşıb. İndi praktik məsələlər qalıb. Təlimlər də həmin praktik məqamların tərkib hissəsidir. Təlimlər həm də siyasi mesaj daşıyır. Biz dostlarımızı sevindirir, düşmənlərimizə isə göz dağı veririk”.