Bu gücün alternativi yoxdur
Hər hansı təhdid olarsa bu dəfə üç yumruq birdən işə düşəcək
Xəbər verdiyimiz kimi sentyabrın 12-də Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə Bakıda “Üç qardaş-2021” beynəlxalq təlimin açılış mərasimi keçirilib. Təntənəli mərasimdə əvvəlcə Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Cavanşir Xüsusi Təyinatlı Qüvvələr komandanı, Vətən Müharibəsi Qəhrəmanı, general-leytenant Hikmət Mirzəyevə məruzə edib. Azərbaycan, Türkiyə və Pakistanın şəhidlərinin xatirəsini yad etmək ucun bir dəqiqəlik sükut elan olunub.
Daha sonra iştirakçı ölkələrin Dövlət himnlərinin müşayiəti ilə həmin respublikaların Dövlət bayraqları qaldırılıb. Xüsusi Təyinatlı Qüvvələr komandanı, general-leytenant Hikmət Mirzəyev çıxış edərək Türkiyə və Pakistan xüsusi təyinatlılarının nümayəndələrini Azərbaycanda görməkdən çox məmnun olduğunu bildirərək deyib: "Azərbaycan, Türkiyə və Pakistan bəşəriyyət tarixinə bir-birinə yaxın dost və qardaş ölkələr kimi düşüblər. Bu əlaqələrin mərkəzində dayanan isə xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olmalarıdır. Buna əyani sübut kimi Azərbaycanın 2020-ci il sentyabrın 27-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinə qarşı başladığı 44 günlük əks-hücum əməliyyatının ilk günündən Türkiyə və Pakistanın Azərbaycana həmrəylik və dəstək nümayiş etdirməsini göstərmək olar. Bu gün ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlıq ən yüksək səviyyədədir. Regionun və xalqlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün əlaqələrimizin daha da gücləndirilməsi və inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir”. H.Mirzəyev “Üç qardaş-2021” beynəlxalq təlimlərinin hər üç ölkənin hərbi qulluqçuları arasında geniş təcrübə və fikir mübadiləsi aparılacağına və onların peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəyinə əminliyini bildirib. Türkiyə və Pakistan nümayəndə heyətlərinin rəhbərləri polkovnik-leytenant Kürşad Konuk və polkovnik-leytenant Aamir Şahzad da çıxış edərək qeyd ediblər ki, xalqlarımız və ordularımız arasında bu dostluq bağı sürətlə dəyişən qlobal mühitdə zamanın sınaqlarından uğurla çıxacaq. Beynəlxalq siyasi dəyişikliklərin güclü küləkləri bütün dünyanı bürüsə də, bu üç qardaş etibarlı regional tərəfdaş və əməkdaş olaraq daha da yaxınlaşacaq.
Vurğulanıb ki, “Üç qardaş-2021” beynəlxalq təlimi ordular arasında mövcud olan ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə xidmət edəcək. Eyni zamanda, terrorla mübarizə üçün yeni üsulların kəşf edilməsinə və qarşılıqlı təcrübə mübadiləsi yolu ilə bacarıqlarımızı inkişaf etdirməyə imkan yaradacaq. Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin senarisi və rejissorluğu ilə hazırlanan “Əbədi, sarsılmaz qardaşlarıq biz” adlı musiqili-xoreoqrafik kompozisiya və “Üç qardaş” mahnısının təqdimatı ilə açılış mərasimi başa çatıb. Ekspertlərin fikrincə, Azərbaycan, Türkiyə və Pakistanın “Üç qardaş-2021” hərbi təlimləri rəsmi Bakının atacağı ən mühüm addımlardan biridir. Hər bir dövlət özünün müttəfiqləri ilə konkret vəziyyətə uyğun davranmaq məcburiyyətindədir. Biz də bir-birimizə dəstək vermək istiqamətində addımlar atırıq. Bu həm də gələcəkdə ekstremal vəziyyətdə birgə hərəkət etmək qabiliyyətinə yönəlib. Hamı görməlidir ki, Azərbaycan tək deyil və istənilən vaxt üç qardaş dövlət birlikdə hərəkət etmək iradəsini ortaya qoymağa qadirdir. Bizim güclü hərbi müttəfiqlərimiz var.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev birgə təlimlərin əhəmiyyəti ilə bağlı “Şərq”ə açıqlamasında deyib ki, Azərbaycan-Türkiyə və Pakistan əməkdaşlığı yeni hərbi-siyasi müstəviyə keçib. Professor bildirib ki, Azərbaycan və Türkiyə Pakistanın timsalında bir nüvə dövlətinin strateji tərəfdaşı olur:
“Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq qardaş Türkiyə ilə bərabər Pakistan xüsusi təyinatlıları da ölkəmizdə hərbi təlimlərə başlayır. İndiki şəraitdə bu üç ölkənin birgə təlimi siyasi və strateji məqsədlərə söykənir. Siyasi səbəblər odur ki, son dönəmlər rəsmi Bakıya təzyiqlər artıb. Xüsusən, son zamanlar Kreml rəhbərinin imperiya ambisiyası qeyri-müəyyən istiqamətdə genişlənməkdədir. Məlum olduğu kimi Rusiya Belarusla “birgə dövlət” deyilən təxribata gedir. 28 protokoldan ibarət nələrsə hazırlayıblar və məhz 10 noyabrda sənədə imza atacaqlar. Kremlin hədəfləri Ermənistanla yanaşı, həm də Orta Asiya ölkələridir. Belə məqamda Azərbaycan-Türkiyə-Pakistan üçlü ittifaqı alternativ güc olaraq çox önəmlidir. Bu təlimlər təkcə Rusiyaya deyil, ondan geri qalmayan İrana da ciddi mesajdır. Reallıq isə odur ki, üç dövlətin birgə hərbi gücünün qarşısında nə Rusiya, nə də İran dayana bilər”.
Hərbi ekspert Ədalət Verdiyev isə “Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycan-Türkiyə-Pakistan xüsusi təyinatlılarının birgə hərbi təlimləri daha əvvəl imzalanmış Bakı Bəyannaməsinin praktiki yerinə yetirilməsidir:
“Birgə fəaliyyətlər tərəfdaş ölkələrə qarşı ərazi və digər iddialar irəli sürməyən heç bir dövlətə qarşı yönəlməyib. Təlimlərin əsas əhəmiyyəti ondan ibarətdir ki, üç dövlət arasında dostluq münasibətləri qardaş ölkələr səviyyəsinə çıxarılır. Digər yandan təlimlər regional miqyasda deyil, beynəlxalq miqyasda icra edilir. Regiondan kənarda yerləşən Pakistan da birgə təlimlərin əsas iştirakçısına çevrilir. Əgər Azərbaycan sərhədlərində təhdid törətmək cəhdləri olarsa, rəsmi Bakı bundan sonra rəqiblərinə qarşı bir hədəfə zərbə endirən üç dəmir yumruğu işə salacaq. Bu birliyə qarşı rəqiblərin, o cümlədən Ermənistanın və ona dəstək verənlərin faktiki olaraq müqavimət göstərmək potensialı sıfıra bərabərdir”.
İsmayıl Qocayev