Azərbaycanın Baş Qərargah rəisi Türkiyədə...



Türkiyə-Azərbaycan arasında hərbi əməkdaşlıq özünün ən yüksək dövrünü yaşayır

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-leytenant Kərim Vəliyev Türkiyənin Milli müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi Yaşar Gülerlə görüşüb. Görüşlərdə hərbi, hərbi-texniki, hərbi-təhsil, mühəndis təminatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib. Hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb. 

Məlumat üçün bildirək ki, Azərbaycanla Türkiyə arasında “xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumu imzalanıb. Memorandum 1 il müddətində etibarlı olacaq. 

Generalların mühüm görüşlərini və imzalanmış sənədləri “Şərq”ə təhlil edən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Türkiyə-Azərbaycan arasında hərbi əməkdaşlıq özünün ən yüksək dövrünü yaşayır. Analitik vurğulayıb ki, iki ölkə arasında müxtəlif hərbi əməkdaşlıq və qarşılıqlı müdafiə müqavilələri var:

 “Şuşa Bəyannaməsi iki ölkə arasında hərbi müttəfiqlik sənədidir. Türkiyə ilə birgə müxtəlif qoşun növlərinin təlimləri mütəmadi keçirilir. Ankara və Bakı arasında Türkiyə və Azərbaycan ordularının xüsusi təyinatlıları ilə bağlı memorandumun imzalanması çox əhəmiyyətlidir. Bu o deməkdir ki, artıq regionda hərbi balans Türkiyə-Azərbaycan lehinə formalaşır. Memorandumdan sonra ölkəmizdə Türkiyənin anti-terror üzrə xüsusi təyinatlıları azad olunmuş ərazilərdə mütəmadi təlimlər keçirəcəklər. Həmçinin, Azərbaycanın Silahlı Qüvvələrinin zabitləri və kursantları Türkiyə hərbi məktəblərində oxuyacaqlar. Azərbaycan ordusu Türkiyə modelinə uyğunlaşdırılır. O baxımdan bu cür ikili müqavilələr labüddür”.

İsmayıl