Azərbaycan- Rusiya- Ermənistan arasında üçtərəfli bəyannamənin imzalanmasından, az qala, bir il ötür.
Amma sənəddə əksini tapmış şərtlər, o cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı bənd icra edilmir. “Koridor” hələ açılmayıb. Bu isə o deməkdir ki, razılaşmaya imza atan digər tərəflər- Moskva və İrəvan cığallıq edirlər. Amma, əlbəttə, sonsuzadək belə davam edə bilməz. Çünki torpaqlarını işğaldan etmiş rəsmi Bakının Zəngəzur dəhlizi ilə bağlı mühüm planları var.
Bu barədə “Sherg.az”a danışan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, düşmən məsələyə dekonstruktiv yanaşır:
“Bunu müzakirə etmək hələ tezdir. Əvvəlcə bir çox məqamlar həllini tapmalı, o cümlədən oradan keçən dəmiryolu bərpa edilməlidir. Ümumiyyətlə isə baxışlar fərqlidir. Ermənistan Azərbaycanın mövqeyi və üçtərəfli bəyanatın şərti ilə razılaşmaq istəmir. Dediyim kimi, dəmiryolunun rekonstruksiyası çox vacibdir. Azərbaycan, Türkiyə, Rusiyanın Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu nəzərə alsaq, deməli, məsələ mütləq həllini tapmalıdır. Bu, vacibdir”.
T. Zülfüqarovun sözlərinə görə, Azərbaycan Laçın “koridoru” ilə bağlı müvafiq addımlar atmalıdır:
“Biz Laçın dəhlizinin təhlükəsizlik məqsədilə istifadəsinə qarşı deyilik. Amma oradan Qarabağa iranlılar, fransızlar...gedir. Bu, narahatedici məsələdir. Laçın dəhlizi açıq qapı deyil. Orada Azərbaycanın xidmət orqanları, o cümlədən gömrük xidməti fəaliyyətə başlamalıdır. Gedib- gələnə nəzarət edilməli, qeydiyyat aparılmalıdır. Biz Qarabağa xaricilərin istədikləri vaxt gedib-gəlməsi haqqında öhdəlik götürməmişik. Deməyim odur ki, Laçın və Zəngəzur dəhlizi məsələləri bir-birinə bağlıdır və mütləq həllini tapmalıdır”.